Bakı. Trend:
“Əgər vərəm hamiləlik dövründə baş veribsə və vaxtında müalicə
olunursa, adətən uşağın sağlamlığına ciddi təhlükə yaranmır”.
Trend xəbər
verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”
hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə
Axundova açıqlayıb.
Onun sözlərinə görə, əksinə, müalicə gecikərsə, ana zəifləyir,
oksigen çatışmazlığı və qidalanma pozğunluğu səbəbindən dölün
inkişafı geriləyə bilər, erkən doğuş və ya az çəkili körpə riski
artır:
“Burada əsas məsələ müalicənin mütəxəssis nəzarəti altında və
təhlükəsiz preparatlarla aparılmasıdır, çünki bəzi dərmanlar
hamiləlikdə istifadə olunmur, digərləri isə xüsusi nəzarətlə təyin
edilir”.
İnstitutun direktoru bildirib ki, körpə vərəmli anadan doğulsa
belə, əgər ana vaxtında müalicə alır və yoluxucu fazadadırsa, uşaq
izolyasiya və profilaktik müalicə altında qoruna bilər:
“Bu zaman körpənin müvafiq müşahidəsi və BCG peyvəndi çox
vacibdir. Peyvənd adətən doğuşdan bir neçə həftə sonra, həkimin
qərarına əsasən vurulur.
Qeyd edim ki, vərəm ana südü ilə keçmir. Amma ana açıq
(yoluxucu) vərəm forması daşıyırsa, öskürək və hava-damcı yolu ilə
uşağı yoluxdura bilər. Bu halda ana südvermə zamanı maskadan
istifadə etməlidir. Südvermədən əvvəl əllərini və sinəsini təmiz
saxlamalıdır. Bəzi hallarda həkimlər müvəqqəti süni qidalanma
məsləhət görə bilər — bu, ananın vəziyyətindən asılıdır”.

