Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə
Şəki rayonu, Aşağı Küngüt kəndi ərazisində yol-nəqliyyat qəzasının
baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması
barədə məlumat daxil olub.
Bu barədə Trend-ə FHN-dən məlumat verilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından
Mühafizə Xidməti Şəki şəhər Yanğından Mühafizə Hissəsinin
yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “KİA”,
“VAZ-2107” və “VAZ-2106” markalı minik avtomobillərinin iştirakı
ilə yol-qəza hadisəsinin baş verdiyi və deformasiyaya uğramış
nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalanların olduğu müəyyən
olunub.
Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə “VAZ
2107” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1992-ci
il təvəllüdlü Rəsullu Turan Kamal oğlunun, 1981-ci il təvəllüdlü
Mehtiyeva Pərvanə Kamal qızının və Mehtiyeva Yeganə Kamal qızının
meyitlərini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil
veriblər.
Yanğınsöndürənlər tərəfindən ərazidə müvafiq təhlükəsizlik
tədbirləri görülüb.
Bundan əlavə, yol-qəza hadisəsi nəticəsində “KİA” markalı minik
avtomobilinin sürücüsü 1977-ci il təvəllüdlü Abbasov Ədalət Kamal
oğlu və sərnişini 1982-ci il təvəllüdlü Həsənova Nuranə Əfsər qızı
müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat
aparılır.

