Finlandiya “Mərkəzi Baltik – Azərbaycan” layihəsini dialoq və biznes üçün bir platforma kimi dəstəkləyir – Səfir

Baş səhifə

Bakı. Trend:

“Mərkəzi Baltik – Azərbaycan” layihəsi insanlar və şirkətlər
arasında təmasların qurulmasında həlledici rol oynayır, həmçinin
regional əməkdaşlığa vasitəçilik edir.

Trend xəbər verir
ki, bunu Finlandiyanın Cənubi Qafqaz ölkələrindəki səfiri Kirsti
Narinen “Mərkəzi Baltik – Azərbaycan” biznes forumunda çıxışında
bildirib.

K. Narinenin sözlərinə görə, regional əməkdaşlıq ortaq maraqlar,
mədəniyyət, ehtiyaclar və qarşılıqlı faydalar üzərində qurulur ki,
bu da Avropa İttifaqının prinsiplərində təzahür edir. Diplomat
vurğulayıb ki, region ölkələrinin inteqrasiyası üzv dövlətlərə real
fayda gətirir və biznesin inkişafına töhfə verir, çünki ayrı-ayrı
bazarlar təkbaşına fəaliyyət göstərmək üçün kifayət qədər böyük
deyil.

“Regionun Türkiyə ilə, daha sonra isə Mərkəzi Asiya ölkələri ilə
birləşməsi daha çox imkanlar açır. Aİ-nin ölkələri və regionları
birləşdirməyə yönəlmiş proqramları da məhz bu məqsədə xidmət edir”,
– deyə səfir qeyd edib.

K. Narinen vurğulayıb ki, layihənin ən vacib cəhəti yalnız
institutların və şirkətlərin deyil, insanların bir araya
gətirilməsidir. O, bunun bariz nümunəsi kimi Bakıda keçirilən COP29
tədbirində on minlərlə insanın iştirakını göstərib ki, bu da yeni
əlaqələrin qurulmasına imkan yaradıb.