Bakı.Trend:
Svetoforun qadağanedici işığında keçmək bütün nəqliyyat
vasitələri, eləcə də piyadalar üçün olduqca təhlükəlidir.
Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin
müşahidə kamerasının qeydə aldığı bu qəza paytaxtın Səbail rayonu,
Neftçilər prospekti ilə Əziz Əliyev küçəsinin kəsişməsində baş
verib. İlkin ehtimala görə, qəza skuter idarə edən şəxsin
svetoforun qırmızı işığının tələbinə məhəl qoymaması və sürücü
diqqətsizliyi səbəbindən baş verib. Görüntülərdən də aydın olur ki,
ikitəkərli nəqliyyat vasitəsini idarə edən şəxs qırmızı işıq
yandıqda dayansaydı, bu yol-nəqliyyat hadisəsi baş
verməyəcəkdi.
Yadda saxlamaq lazımdır ki, svetoforun və nizamlayıcının
siqnallarının yerinə yetirilməsi yol hərəkəti iştirakçıları üçün
məcburidir. Bunu “Yol hərəkəti haqqında” Qanunun 60-cı maddəsi
tələb edir. Həmçinin qeyd olunur ki, svetoforun və ya
nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat
vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt
yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun
hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər
yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar.
Unutmayaq ki, bu cür qayda pozuntularına yol verərək
qadağanedici işıqda hərəkəti davam etdirmək çox vaxt xəsarət alma
və ya ölümlə nəticələnir.

