Zəngilan şəhərində görülən bərpa-quruculuq işləri açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Zəngilan şəhərində bərpa-quruculuq işləri tam sürətlə davam
etdirilir.

Trend
xatırladır ki, şəhərdə 6 yaşayış kompleksi və bir
inzibati binanın təməli qoyulub.

104 mənzildən ibarət 1-ci yaşayış məhəlləsində
tikinti işləri bitmək üzrədir. Yaşayış məhəlləsində
23 mərtəbəli binalar inşa
olunub. Məhəllədə 6 yerüstü dayanacaq,
elektromobillər üçün günəş panelli 1 enerji
doldurma məntəqəsi nəzərdə tutulub. Yaşayış məhəlləsində uşaq və
idman meydançaları da yer alacaq.

Zəngilan şəhərinin təsdiq edilmiş ümumi baş planına uyğun olaraq
yaşıllıq zonası ilə əhatə olunacaq ilk yaşayış məhəlləsi şəhərin
mərkəzi hissəsində yerləşir, 1.96 hektar ərazini
əhatə edir və burada 12 binanın tikintisi
aparılır. Binalardan 8-i ikimərtəbəli,
4-ü isə üçmərtəbəlidir. Birinci yaşayış
məhəlləsində tikilən binalarda 104 mənzil var və
onlar 2, 3, 4
5 otaqdan ibarətdir.

Zəngilan şəhər məktəbi, biznes zonası və mərkəzi küçə yaşayış
məhəlləsinin yaxınlığındadır. Məhəllədəki binaların inşasında
modern və minimalistik memarlıq yanaşmalarından, həmçinin milli
naxış elementlərindən də istifadə edilib.




Ümumilikdə birinci yaşayış kompleksində tikilən
12 binanın qaba işləri, daxili mühəndis
kommunikasiya işləri və daxili bəzək işləri də yekunlaşıb.
Sahədaxili kommunikasiya işləri qismən yerinə yetirilib, yolların
asfaltlanması işləri qalıb.

Zəngilan Konqress Mərkəzi, məktəb, bağça və digər infrastruktur
binaları, eləcə də konservasiya olunmuş keçmiş Zəngilan məscidi,
yaxınlıqda inşa edilmiş Yeni Zəngilan məscidi Yeni Zəngilanın
təkrarsız, rahat və ənənələrə sadiq qalan müasir yaşayış məskəni
olaraq simasını formalaşdıracaq. İşlər başa çatdıqdan sonra
Zəngilan şəhərindəki birinci yaşayış məhəlləsinə sakinlərin köçü
nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, indiyədək rayonun Ağalı kəndinə
871 nəfərdən ibarət 175 ailə
köçürülüb.

Bundan əlavə, Zəngilan rayonunun ərazisində ümumi gücü
42 meqavat olmaqla hər birinin gücü
10.5 megavat olan “Şayıflı”, “Sarıqışlaq”,
“Zəngilan” və “Cahangirbəyli” Su Elektrik stansiyaları fəaliyyət
göstərir.

Qeyd edək ki, Zəngilan 2020-ci il oktyabrın 20-də erməni
işğalından azad edilib. 20 oktyabr Azərbaycan Respublikası
Prezidentinin Sərəncamına uyğun olaraq Zəngilan şəhəri günü kimi
qeyd edilir.