Bakı. Trend:
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən erkən
nikah faktının qarşısı alınıb.
Trend xəbər verir ki, rayonun
Meyniman kəndində 23 yaşlı şəxslə 16 yaşına yaşına çatmayan qızla
planlaşdırılan toy mərasimi barədə polisə daxil olan məlumat dərhal
araşdırılıb və tədbirlər nəticəsində qanunsuz təşkil olunan toy
mərasiminin qarşısı alınıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib
ki, tərəflərin valideynləri polis şöbəsinə dəvət olunaraq onlarla
profilaktik və izahedici söhbətlər aparılıb, qanunvericiliyin
tələbləri izah olunub.
Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində hüquqi məsuliyyət
tədbirləri görülür.
DİN bir daha diqqətə çatdırır ki, qanunvericiliyinə əsasən,
nikah yaşı həm qadınlar, həm də kişilər üçün 18-dir. Bu yaş həddinə
çatmamış şəxslərin evləndirilməsi qanunla qəti şəkildə qadağandır
və belə hallara yol verən şəxslər inzibati və ya cinayət
məsuliyyəti daşıyırlar. Valideynlər, ailə böyükləri belə qanunsuz
addımlardan çəkinməli, övladlarının gələcəyinə məsuliyyətlə
yanaşmalıdır.

