Dövlətə xəyanətdə ittiham olunan 4 nəfərin məhkəməsi başlayıb

Baş səhifə

Bakı.Trend:

Casusluq formasında dövlətə xəyanət etməkdə ittiham olunan İlkin
Qənbərov, Vüsal Ağayev, Tural Alıyev və Məmməd Şərifovun barəsində
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə
məhkəmənin hazırlıq iclası keçirilib.

Trend xəbər
verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun
sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket
məlumatları dəqiqləşdirilib. Məhkəmə işin baxışa verilməsi ilə
bağlı qərar qəbul edib. Baxış iclası oktyabrın 31-nə təyin
olunub.




Qeyd edək ki, xarici xüsusi xidmət orqanının nümayəndələrinə
kömək etməklə casusluq formasında dövlətə xəyanət etməkdə ittiham
olunan İlkin Qənbərov və Vüsal Ağayev DTX tərəfindən görülmüş
tədbirlər nəticəsində saxlanılaraq istintaqa cəlb olunublar. DTX
tərəfindən davam etdirilən tədbirlər zamanı Tural Alıyev İordaniya
Haşimilər Krallığı ərazisində, Məmməd Şərifov isə Türkiyə
Respublikası ərazisində ələ keçirilərək Azərbaycan Respublikasına
gətirilib. Təqsirləndirilən şəxslərə qarşı AR Cinayət Məcəlləsinin
274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.