Bakı. Trend:
COP29 zamanı Azərbaycanın “yaşıl enerji” sahəsində irəli sürdüyü
təşəbbüslərdən biri məhz “yaşıl enerji” zonaları və “yaşıl
dəhlizlər”dir ki, artıq 70-dən artıq ölkə bu və ya digər formada
həmin təşəbbüsə könüllü şəkildə qoşulub.
Trend xəbər
verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji
Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev 30-cu
Yubiley Xəzər İnşaat Həftəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycanda “yaşıl artım” və “yaşıl
enerji” məkanı bizim 2030-cu ilədək müəyyənləşdirilmiş 5
prioritetdən biridir: “Bu istiqamətdə görülən işlərdə Zəngilan
rayonunun Ağalı kəndinin xüsusi rolu vardır. COP29 zamanı
Azərbaycanın “yaşıl enerji” sahəsində irəli sürdüyü təşəbbüslərdən
biri məhz “yaşıl enerji” zonaları və “yaşıl dəhlizlər”dir ki, artıq
70-dən artıq ölkə bu və ya digər formada həmin təşəbbüsə könüllü
şəkildə qoşulub”.
“O təşəbbüsün nüvəsində duran Ağalı kəndi, orada olan ağıllı
həllərdir. O cümlədən bu təşəbbüsün nüvəsində duran aktiv
istehlakçıların dəstəklənməsi mexanizmləridir ki, Azərbaycanda
sistemli şəkildə şəhərsalma praktikasında ilk dəfə məhz həmin
kənddə təqdim olunur”, – deyə C. Abdullayev vurğulayıb.

