Düşənbədəki toplantı Azərbaycanın regional siyasətdə əməkdaşlıq prinsiplərinə sadiqliyini nümayiş etdirdi – Deputat

Baş səhifə

Bakı. Trend:

Oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbə şəhərində baş
tutmuş MDB Dövlət Başçıları Şurasının iclasında Prezident İlham
Əliyevin çıxışı Azərbaycanın uzaqgörən diplomatiyasını, ölkəmizin
beynəlxalq nüfuzunu və regionda liderliyini bir daha nümayiş
etdirdi. Dövlətimizin başçısının nitqi göstərdi ki, Azərbaycan
yalnız öz milli maraqlarını qorumaqla kifayətlənmir, həm də bütün
regionda sabitliyin, iqtisadi tərəfdaşlığın və dostluq əlaqələrinin
inkişafına aparıcı töhfə verir.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Səbinə
Salmanova deyib.

Onun sözlərinə görə, toplantıda Prezident İlham Əliyev
Tacikistan xalqına və Prezidentinə ünvanladığı səmimi sözlərlə iki
ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin dərin köklərə
malik olduğunu, bu əlaqələrin qarşılıqlı hörmət və etimad üzərində
inkişaf etdiyini vurğuladı:

“O, paytaxt Düşənbənin son illərdə əldə etdiyi sosial-iqtisadi
uğurları yüksək qiymətləndirərək, Tacikistanın dinamik inkişafını
region üçün müsbət nümunə kimi səciyyələndirdi. Azərbaycanın
regional siyasətinin əsas istiqamətlərindən biri tərəfdaş ölkələrlə
bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın inkişafıdır. Bu
baxımdan Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər
MDB məkanında birliyin ruhuna uyğun olaraq həmrəylik, qarşılıqlı
dəstək və inteqrasiya ideyalarının daha da gücləndirilməsinə xidmət
edir. Dövlətimizin başçısı həmçinin bildirdi ki, Azərbaycan ilə
Tacikistan arasında ikitərəfli münasibətlər ardıcıl inkişaf
etməkdədir. Onlar qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır
və böyük inkişaf potensialına malikdir”.

Prezident İlham Əliyevin Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin
Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi
namizədliyini dəstəklədiklərinə görə MDB dövlət başçılarına
təşəkkür etdiyini söyləyən deputat Səbinə Salmanova qeyd edib ki,
bu qərar yalnız mədəni hadisə deyil, həm də böyük mənəvi və siyasi
məna daşıyır:

“Uzun illər işğal altında qalmış, lakin bu gün sürətlə bərpa
edilən Laçın artıq sülhün, yenidənqurmanın və milli dirçəlişin
rəmzinə çevrilib. MDB Mədəniyyət Paytaxtı tədbirlərinin Laçında
keçirilməsi Azərbaycanın bərpa proseslərində qazandığı uğurların və
xalqımızın doğma torpaqlara dönüş qürurunun təcəssümüdür. Bu gün
Laçın da daxil olmaqla, işğaldan azad edilmiş digər ərazilərimiz
dünyanın ən gözəl yerlərindən birinə çevrilir. Bütün bunlar
dövlətimizin gücünü və xalqımızın gələcəyə inamını nümayiş
etdirir”.

Parlamentari onu da vurğulayıb ki, Prezident İlham Əliyev
çıxışında Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarına da
toxunub:

“III MDB Oyunları Azərbaycanın yüksək səviyyəli ev sahibliyi ilə
tarixdə özünəməxsus yerini tutdu. Tədbir təkcə idman yarışları ilə
məhdudlaşmayıb, eyni zamanda MDB ölkələri arasında dostluq,
əməkdaşlıq və ortaq dəyərlərin möhkəmlənməsinə mühüm töhfələr
verdi. 13 ölkədən 1600-dən çox idmançının iştirakı ilə keçirilən
oyunlar, ölkəmizin təşkilatçılıq bacarığını, qonaqpərvərliyini və
regionda birləşdirici rolunu göstərdi. Bu oyunlar həm də ölkəmizin
postmüharibə dövründə həyata keçirdiyi bərpa və inkişaf
proseslərini beynəlxalq səviyyədə nümayiş etdirdi, gənclər arasında
dostluq və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə şərait
yaratdı”.

Deputat söyləyib ki, beləliklə, Düşənbədəki toplantı
Azərbaycanın regional siyasətində sülh, sabitlik və əməkdaşlıq
prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirdi:

“Prezident İlham Əliyevin çıxışı MDB çərçivəsində əməkdaşlığın
gücləndirilməsi, dostluq və qarşılıqlı etimad mühitinin
dərinləşdirilməsi istiqamətində vacib siyasi mesaj oldu. Azərbaycan
bu gün regionda dayanıqlı inkişafın və sülhün təmin olunması
yolunda aparıcı rola malikdir”.