
Bakı. Trend:
Kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mövsümi
işlərə cəlb edilən fiziki şəxslər üzrə gündəlik nağd qaydada
ödənilə bilən məbləğin yuxarı həddi artırılır.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında
müzakirə olunan “Nağdsız hesablaşmalar haqqında” Qanunda dəyişiklik
edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Bildirilib ki, mövcud qanunda qeyd olunan norma (20 manat) kənd
təsərrüfatı məhsullarının istehsalının xüsusiyyətləri (mövsümü
olması və bu əsasda işçiyə ehtiyacın müəyyən zaman kəsiyində
yaranması) nəzərə alınmaqla məhsul istehsalçıları tərəfindən
işlərin görülməsinə mülki hüquqi müqavilələr əsasında fiziki
şəxslərin cəlb edilməsi imkanının yaradılmasına, kənd təsərrüfatı
istehsalçılarının və onların mövsümi işlərə cəlb etdiyi şəxslərin
dəstəklənməsinə, tərəflər arasında daha çevik ödəmə mexanizminin
qurulmasına xidmət edir, ödənişlərin birbaşa məhsulun istehsalı
sahəsində (yerində) ödənilməsinə, kənd təsərrüfatı məhsullarının
istehsalının (yığımının) daha çevik təşkil edilməsinə imkan
yaradır.
Qanun layihəsində həmin şəxslərə nağd qaydada ödənilə bilən
gündəlik ödənişin yuxarı həddinin artırılaraq hazırki
20 manatdan 30 manata
çatdırılması təklif edilir.

