
Bakı. Trend:
Türkiyənin “Bilişim Vadisi” şirkəti “yaşıl” keçid sahəsində
Azərbaycanla əməkdaşlığı genişləndirir.
Trend xəbər verir
ki, bu barədə “Bilişim Vadisi”nin baş meneceri Erkam Tüzgen Bakıda
keçirilən “Halal Business Forum” forumunda etdiyi çıxışda
danışıb.
“Artıq Azərbaycanda bir sıra layihələrimiz var — oyun
düşərgələri təşkil etmişik, Anlaşma Memorandumu imzalamışıq, dünən
isə Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)
ilə yeni memorandum bağladıq. Xüsusilə “yaşıl keçid”lə bağlı
istiqamətlərdə aktiv fəaliyyət göstərməyi planlaşdırırıq”,- deyə
Erkam Tüzgən vurğulayıb.
Onun sözlərinə görə, “Bilişim Vadisi” həmçinin Azərbaycandakı
digər təşkilatlarla da əməkdaşlıq münasibətlərinə malikdir və bu
əlaqələri daha da genişləndirmək niyyətindədir.
“Bu, son dərəcə vacib mövzudur. Kiçik və orta biznes(KOB)
subyektləri və startaplar unikal həllər təklif edirlər, lakin
onların töhfəsi beynəlxalq səviyyədə çox vaxt nəzərə çarpmır. Bakı
Bəyannaməsi bu boşluğa diqqət çəkən, vaxtında göstərilmiş təşəbbüs
oldu”, – deyə o qeyd edib.
E.Tüzgen vurğulayıb ki, nəzərəçarpanlığının artırılması üçün KOB
üç qarşılıqlı tamamlayıcı istiqamətə əsaslanmalıdır— sübut bazası,
qarşılıqlı əlaqəlilik və advokasiya.
“Birincisi, KOB-un nailiyyətlərini daha nəzərəçarpan etmək
lazımdır. Onların bir çoxu artıq emissiyaları azaldır və
səmərəliliyi artırır, lakin bu uğurlar çox vaxt yerli səviyyədə
qalır. Biz elə bir qlobal platforma yaratmalıyıq ki, həmin
nəticələr tanınsın və dəstəklənsin.
İkincisi, kiçik innovativ şirkətləri qlobal dəyər zəncirlərinə
cəlb etmək vacibdir. Böyük korporasiyalar təmiz enerji və ya
mobillik sahəsində startap həllərini tətbiq etdikdə, bu
innovasiyalar beynəlxalq səviyyədə tanınır.
Üçüncüsü isə, KOB-un siyasət qərarlarının formalaşması
prosesində iştirakını təmin etmək lazımdır. Çünki görünürlük təkcə
iqtisadiyyatla bağlı deyil, həm də qlobal strategiyaların
müəyyənləşdirildiyi yerlərdə səslərinin eşidilməsidir”,-deyə
“Bilişim Vadisi” rəhbəri əlavə edib.

