TDT-nin Qəbələ Zirvəsi – Türk inteqrasiyasının yeni mərhələsi

Baş səhifə

Bakı.Trend:

Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları
Şurasının 12-ci Zirvə Görüşü Türk dünyasının inteqrasiyasında yeni
strateji mərhələnin başlanğıcı kimi dəyərləndirilir.

Bu sözləri Trend-ə politoloq Azər Qarayev bildirib.

Politoloq bildirib ki, Zirvə həm simvolik, həm də siyasi
baxımdan mühüm mesajlar verdi — Türk dövlətlərinin artıq yalnız
mədəni yaxınlıq deyil, vahid geosiyasi maraqlar əsasında
birləşdiyini təsdiqlədi.

“Prezident İlham Əliyev çıxışında bildirdi ki, TDT bu gün sadəcə
əməkdaşlıq platforması deyil, qlobal siyasətdə özünəməxsus güc
mərkəzinə çevrilir. Bu fikir Təşkilatın transformasiyasını aydın
şəkildə ifadə edir – mədəni və iqtisadi inteqrasiyadan çıxış
edərək, TDT artıq vahid siyasi və təhlükəsizlik mexanizmi
formalaşdırmaq istiqamətində irəliləyir.”

A.Qarayev qeyd edib ki, Prezident İlham Əliyevin 2026-cı ildə
Azərbaycan ərazisində Türk dövlətlərinin birgə hərbi təlimlərinin
keçirilməsi barədə təklifi isə bu vizionun praktiki ifadəsidir.

“Bu addım TDT-nin gələcəkdə ortaq müdafiə siyasəti qurmaq
potensialını nümayiş etdirir.Prezident İlham Əliyevin çıxışında
diqqət çəkən mühüm məqam Cənubi Qafqazda yaranan yeni geosiyasi
mühitlə bağlı idi. Ermənistanla sülh sazişinin Vaşinqtonda
paraflanması və ATƏT-in Minsk qrupunun ləğvi barədə açıqlamalar
göstərir ki, Azərbaycan bölgədə ədalətə əsaslanan sabitlik modelini
formalaşdırıb. Bu hadisələr regionda yeni diplomatik mühitin
yaranmasına səbəb olub və Azərbaycanın sülh təşəbbüsləri Türk
dünyası üçün ədalət üzərində qurulmuş sabitlik modelinin nümunəsinə
çevrilib.”

A.Qarayev vurğulayıb ki, bu, təkcə Azərbaycan üçün deyil, Türk
dünyasının digər üzvləri üçün də nümunəvi təcrübədir – yəni
suverenlik, təhlükəsizlik və müstəqilliyin təminatı ancaq milli güc
və birgə əməkdaşlıqla mümkündür.

“Qəbələ Zirvəsində Zəngəzur dəhlizinin açılması və Orta Dəhlizin
genişləndirilməsi məsələlərinin xüsusi vurğulanması TDT-nin
iqtisadi inteqrasiyasının praktiki istiqamətlərini müəyyənləşdirdi.
Azərbaycanın tranzit və enerji mərkəzi kimi rolu Türk dünyasının
Qərblə Asiya arasında strateji körpü statusunu daha da
möhkəmləndirir.Bu istiqamətdə həyata keçirilən “Orta
Asiya–Azərbaycan–Türkiyə–Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi Türk
dövlətlərini yalnız enerji ixracatçısı deyil, həm də bərpaolunan
enerji üzrə aparıcı mərkəzə çevirəcək.”

A.Qarayev qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurun bərpasında
türk dövlətlərinin iştirakı sadəcə humanitar jest deyil, birliyin
real siyasi və mənəvi təzahürüdür.

“Türk dövlətləri Qarabağ və Şərqi Zəngəzurun bərpasında fəal
iştirak edirlər. Füzulidə Mirzə Uluqbəy adına məktəb (Özbəkistan),
Ağdamda Manas məktəbi (Qırğızıstan), Cəbrayılda Macarıstan
tərəfindən inşa edilən təhsil ocağı və Füzuli məscidinin
Türkmənistanın hədiyyəsi olması, Türk həmrəyliyinin praktiki
simvoluna çevrilib. Bu layihələr sadəcə bərpa prosesi deyil, həm də
mənəvi birliyin, qarşılıqlı hörmətin və ortaq kimliyin konkret
ifadəsidir. Bu fakt göstərir ki, Türk birliyi artıq təkcə
diplomatik konsepsiya deyil, əməli fəaliyyət və qarşılıqlı dəstək
üzərində qurulan real strateji əməkdaşlıqdır.”