
Qəbələ. Trend:
Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması
deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır.
Trend xəbər verir ki, bu
sözləri Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri
Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə
çıxışında söyləyib.
Prezident İlham Əliyevin çıxışı
-Hörmətli dövlət və hökumət başçıları.
Əziz dostlar.
Azərbaycanın qədim şəhəri olan Qəbələyə xoş gəlmisiniz. Qəbələ
geniş coğrafiyanı əhatə edən, eramızdan əvvəl IV əsrdə əsası
qoyulmuş və eramızın VIII əsrinə qədər mövcud olmuş Qafqaz
Albaniyasının paytaxtı idi.
İlk növbədə, Türk Dövlətləri Təşkilatına (TDT) uğurla sədrlik
etmiş Qırğız Respublikasına təşəkkürümü bildirirəm.
Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması
deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır.
Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq
doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi
dəyərlərimiz bizi bir ailə kimi birləşdirir.
Ölkəmiz təşkilatın işinə dəstək məqsədilə Katibliyin hesabına 2
milyon ABŞ dolları məbləğində ianə köçürmüşdür.
Daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji
mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika
sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və
hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib
aktora çevirir.
Sevindirici haldır ki, Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə
görüşləri ilə yanaşı, qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi
artıq ənənəyə çevrilib. Ötən il ilk dəfə Şuşada keçirilmiş
qeyri-rəsmi Zirvə Görüşü və bu il Budapeştdə baş tutmuş görüşümüz
mühüm qərarlarla yadda qalmışdır.
Hörmətli həmkarlar, bu gün sülh və təhlükəsizlik hər bir ölkənin
inkişafı üçün əsas amildir.
Təşkilatımızın təməl sənədi olan Naxçıvan Sazişində sülhün
qorunması və təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer
alıb. Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik
çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı
qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə Görüşünün
“Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq, türk
dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca
vacibdir.
Məlumdur ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil.
Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu
dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə
əməkdaşlıq çox önəmli amillərdən biridir. Bu çərçivədə müttəfiqimiz
olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə
Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi
təlimlər keçirilmişdir.
Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində
geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk
Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin
keçirilməsini təklif edirəm.
Bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və
ərazi bütövlüyünün əsas amilidir.
2020-ci il 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz,
həmçinin 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində
Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu. Bununla da
ölkəmizin ərazi bütövlüyü və əzəli torpaqlarımız üzərində
suverenliyi bərpa olundu. Bu tarixi nailiyyət yalnız Azərbaycanın
milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni
zamanda, bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına
mühüm töhfədir.
İki ay əvvəl Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan
arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına
çevirəcək. Vaşinqton Zirvəsi çərçivəsində, eyni zamanda, ATƏT-in
Minsk qrupunun və əlaqədar strukturların bağlanması üçün edilmiş
birgə müraciətə uyğun olaraq, sentyabrın 1-də ATƏT tərəfindən qəbul
edilmiş qərarla keçmiş münaqişənin bu qalıqları da aradan
qaldırıldı.
Beləliklə, atdığımız addımlar Azərbaycanın irəli sürdüyü sülh
gündəliyini bir daha təsdiq etdi.
Biz Ermənistan işğalını heç vaxt unutmayacağıq. Şəhidlərimizin
əziz xatirəsini həmişə qəlbimizdə saxlayacağıq. Onların qanını biz
döyüş meydanında aldıq. İşğalçını əzəli torpaqlarımızdan qovduq,
Zəfər çaldıq və eyni zamanda, ədalətli sülhə nail olduq.
Əziz dostlar, nəqliyyat və kommunikasiya əlaqələri Türk
Dövlətləri Təşkilatı çərçivəsində strateji əhəmiyyətə malikdir.
Türk dünyasının nəqliyyat, kommunikasiya, tranzit və digər
istiqamətlərdə potensialından istifadə məqsədilə görülən işlər
qlobal əhəmiyyətli layihələrin icrasına gətirib çıxarıb.
Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal
iştirakçısıdır. Ölkəmiz Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi,
iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynayır.
2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımalar təqribən 90 faiz
artıb. Dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb.
Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25
milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı,
Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən
böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq
nəqliyyat mərkəzlərindən birinə çevirib.
Bu çərçivədə Vaşinqton Zirvəsinin digər mühüm nəticələrindən
biri də Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizi həm Orta
Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat
arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir.
Sülh, regional bağlantılar və iqtisadi inkişafla əlaqəli olan
digər mühüm istiqamət enerji təhlükəsizliyidir. Ölkəmiz bu
məqsədlərin qlobal səviyyədə təmin edilməsində fəal rol oynayır.
Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin
edilməsində özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi
təsdiqləyib.
Şaxələndirilmiş neft və qaz kəmərləri vasitəsilə Xəzər
regionunun beynəlxalq bazarlara birləşdirilməsində strateji rol
oynayırıq. Hazırda biz 14 ölkəyə təbii qaz ixrac edirik. Coğrafi
əhatəsinə görə boru kəmərləri ilə təbii qaz ixrac edən ölkələr
sırasında Azərbaycan birinci yerdədir.
Azərbaycan, həmçinin Günəş, külək və su elektrik enerjisi kimi
bərpaolunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir. 2030-cu
ilə qədər enerji istehsalımızın təxminən 40 faizi bərpaolunan
mənbələr hesabına təmin ediləcək.
Hazırda biz Orta Asiya, Azərbaycan, Türkiyə, Avropa yaşıl enerji
dəhlizi üzərində işləyirik.
TDT-yə üzv ölkələrlə Azərbaycan bir çox önəmli sərmayə
layihələrini icra edib. Bu günə qədər qardaş ölkələrin
iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox vəsait qoyulub.
Bunun əsas hissəsi Türkiyə iqtisadiyyatına qoyulmuş sərmayədir.
Bununla bərabər, Azərbaycan Özbəkistanla, Qazaxıstanla,
Qırğızıstanla birgə sərmayə fondları yaradıb. Bu fondlar vasitəsilə
bir çox layihələr icra ediləcək.
Ümumilikdə, atılan addımlar Türk dünyası daxilində iqtisadi
inteqrasiyanın, enerji və nəqliyyat sahəsində dost və qardaş
ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə və regionumuzun
dayanıqlı inkişafına xidmət edir.
Qeyd etdiyim kimi, ortaq tarixi və etnik köklərimiz, dillərimiz
bizi bir ailə kimi birləşdirir. Burada 1926-cı ildə Bakıda təşkil
edilmiş birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulamaq
istərdim.
Gələn il birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illik
yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli
şəkildə təşkil olunmasını təklif edirəm.
Əminəm ki, Zirvə Görüşümüz qəbul edəcəyimiz qərarlarla Türk
Dövlətləri Təşkilatının mövqeyini daha da gücləndirəcək,
xalqlarımızın rifahına və təhlükəsizliyinə əlavə töhfə
verəcəkdir.
Çıxışımın sonunda Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstək
üçün qardaş ölkələrə bir daha təşəkkürümü bildirirəm. Füzulidə
Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına Uşaq Yaradıcılıq
Mərkəzi, Ağdamda Manas adına məktəb artıq fəaliyyətdədir. Bu,
özbək, qazax, qırğız qardaşlarımızın hədiyyəsidir. Macar
qardaşlarımızın hədiyyəsi Cəbrayılda tikilən məktəbdir. Türkmən
qardaşlarımızın hədiyyəsi – bu gün təməli qoyulan Füzuli
məscididir. Qardaş Türkiyənin şirkətləri bir çox tunellər,
körpülər, yollar inşa edir. Azərbaycan xalqı bu qardaş dəstəyini
heç vaxt unutmayacaq.

