Zəfər xronikası. 7 oktyabr 2020-ci il: Prezident İlham Əliyev CNN-Türk televiziyasına müsahibə verib (FOTO/VİDEO)

Baş səhifə

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.

2020-ci il oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev CNN-Türk televiziyasına müsahibə verib.

Trend
müsahibəni təqdim edir:

– Cənab Prezident İlham Əliyev, “CNN Türk”ə xoş
gəldiniz. Azərbaycanın tarixi günlər yaşadığı bir zamanda bu
müsahibəni verdiyiniz üçün təşəkkür edirik. Mən vaxt itirmədən
dərhal suallarıma keçirəm. Əvvəlcə əməliyyatlarda son vəziyyət
necədir, planlaşdırıldığı kimi irəliləyirmi? İşğal altındakı nə
qədər torpaq azad olundu?

– Hər şey plan üzrə gedir. Bu gün Azərbaycan Ordusu öz ərazi
bütövlüyünü bərpa edir. Əməliyyat uğurla davam edir. Artıq bir
şəhər və bir çox kəndlər işğaldan azad edilib. Bu, bir daha onu
göstərir ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq. Biz
bunu dəfələrlə demişik: Qarabağ bizim tarixi, əzəli torpağımızdır!
Təəssüf ki, uzun müddət ərzində aparılan müzakirələr bir nəticəyə
gətirib çıxarmadı. Belə olan halda, əlbəttə ki, Azərbaycan
təkbaşına öz ərazi bütövlüyünü bərpa etməli idi və bunu edir.

Bildiyiniz kimi, erməni silahlı qüvvələri keçən ayın 27-də bizə
qarşı yeni hücuma keçdilər və bizim bir çox şəhərlərimiz,
kəndlərimiz atəş altındadır. Bu günədək bizim mülki şəxslər
arasında 30-a yaxın itkilərimiz, şəhidlərimiz var. Ermənistan
silahlı qüvvələri bizim şəhərlərimizi, kəndlərimizi atəşə tutur və
minə yaxın ev ya dağıdılıb, ya da ki, böyük ziyan görüb. Lakin hər
şey plan üzrə gedir və ümid edirəm ki, qarşıda duran vəzifələr icra
olunacaqdır.

– Yenə də əməliyyat zonasındakı proseslərə qayıtmaq
istəyirəm, cənab Əliyev. Bildiyimiz kimi, Ermənistan ordusu
münaqişə xəttinin kənarındakı Azərbaycan şəhərlərini ballistik
raketlərlə hədəfə almağa başlayıb. Xüsusilə, Azərbaycanın ikinci
böyük şəhəri olan Gəncədəki yaşayış məntəqələrini, Mingəçevirdəki
elektrik stansiyasını ballistik raketlərlə hədəfə aldı. Sizcə,
bunun məqsədi nə idi?

– Məncə, Ermənistan ordusunun acizliyi və Ermənistanın
hərbi-siyasi rəhbərlərinin cinayəti. Çünki mülki şəxslərə zorakılıq
göstərmək, onlara qarşı atəş açmaq, ballistik raketlərlə mülki
şəhərləri dağıtmaq müharibə cinayəti sayılır. Bu, onu göstərir ki,
Ermənistan döyüş meydanında bizim qarşımızda dura bilmir. Döyüşü
uduzur və bizi dayandırmaq, eyni zamanda, mülki əhaliyə qarşı
maksimum dərəcədə cinayət törətmək üçün belə çirkin əməllərə əl
atır. Siz də qeyd etdiyiniz kimi, Gəncə, Mingəçevir döyüş
bölgəsindən uzaqda yerləşən şəhərlərdir. Eyni zamanda, döyüş
bölgəsinə yaxın olan şəhərlərimiz hər gün atəşə tutulur. Ən yaxın
bölgə Tərtər bölgəsidir və Tərtər şəhərinə gündə mindən iki minə
qədər mərmi düşür və bunun əsas məqsədi mülki şəxslərə qarşı
törədilən zorakılıqdır. Bu, bir daha Ermənistanın faşist
mahiyyətini göstərir, rejimin faşist mahiyyətini göstərir. Ancaq
bu, Azərbaycan xalqını qorxutmur, bunun heç bir təsiri yoxdur. O
bölgələrdə, o şəhər və kəndlərdə yaşayan soydaşlarımız orada möhkəm
dayanıblar. Onların bir sözü var ki, Vətən sağ olsun, torpaqlar
tezliklə işğaldan azad edilsin. Onlar sona qədər o yerlərdə qalacaq
və ordumuza mənəvi dəstək verəcəklər.

– Ermənistanın mülki yaşayış məntəqələrini atəşə tutmağa
davam edəcəyi təqdirdə hazırkı mövqeyinizdə bir dəyişiklik
olacaqmı?

– Xeyr, bizim mövqeyimizdə heç bir dəyişiklik olmamalıdır. Bizim
mübarizəmiz erməni xalqı ilə deyil. Mən bunu artıq bir neçə dəfə
açıqlamışam. Bizim mübarizəmiz haqq mübarizəsidir. Biz öz ərazi
bütövlüyümüzü bərpa etmək istəyirik, bunu edirik və bu işlərdə, bu
istiqamətdə uğurlar əldə etmişik. Azərbaycan heç vaxt mülki
əhaliyə, yəni, mülki şəxslərə qarşı müharibə etməyib. Mən artıq bu
günlərdə də demişəm, bizim erməni xalqı ilə heç bir işimiz yoxdur.
Azərbaycanda minlərlə erməni yaşayır və onlar bizim
vətəndaşlarımızdır. O cümlədən bu gün Dağlıq Qarabağda yaşayan
ermənilər də bizim vətəndaşlarımızdır. Bizim bütün hədəflərimiz
hərbi hədəflərdir. Hərbi hədəfləri məhv etmək üçün bizim tam
hüququmuz var. Çünki bu hərbi obyektlər bizim ordumuza,
şəhərlərimizə böyük ziyan vurub. Ona görə bizim borcumuzdur ki,
onları məhv edib əhalimizin təhlükəsiz həyatını təmin edək.

– Ermənistanın ballistik raketlərlə mülki yaşayış
məntəqələrini atəşə tutması, əslində, müharibə cinayəti, Cenevrə
Konvensiyasına zidd bir hərəkətdir. Bu baxımdan müharibə
cinayətlərinə dair BMT qarşısında bir təşəbbüs irəli sürməyi
düşünürsünüzmü? Hadisə yerlərində bu cinayətlərin törədilməsinə
dair sübutlar toplayırsınızmı?

– Təbii ki, toplayırıq. Onların bütün hərbi cinayətləri artıq
qeydə alınır. Amma təəssüf ki, beynəlxalq ictimaiyyət bundan
əvvəlki dövrdə Azərbaycana və xalqımıza qarşı edilən müharibə
cinayətlərinə səssiz qalmışdır. Xocalı qətliamı dünyanın gözü
önündə baş vermiş soyqırımıdır. Amma Ermənistanın ovaxtkı
hərbi-siyasi rəhbərliyi buna görə məsuliyyətə cəlb edilmədi. Bizim
şəhərlərimizin, kəndlərimizin dağıdılması, bir milyondan çox
məcburi köçkünün yaranması – bütün bunlara görə beynəlxalq
ictimaiyyət hər hansı bir hərəkətə keçmədi. Ona görə də, bu məsələ
uzun illərdir öz həllini tapmır. Çünki işğalçı ilə işğala məruz
qalan arasında heç bir fərq qoyulmur. Bu gün də erməni silahlı
qüvvələrinin bizim şəhərlərimizi və kəndlərimizi atəşə tutması, özü
də ballistik raketlərlə atəşə tutması müharibə cinayətidir. Buna
görə, əlbəttə ki, Ermənistan rəhbərliyi məsuliyyət daşımalıdır və
daşıyacaqdır.

-Bu günə qədər Sizə bir neçə dəfə atəşkəs çağırışı
edildi. Siz bunlara şəxsən cavab verdiniz. Amma münaqişənin 30
illik tarixinə nəzər salarkən bu çağırışların nəticə verəcəyini
düşünürsünüzmü?

– Hesab edirəm ki, bu çağırışlar, sadəcə, atəşkəs çağırışları
olmamalıdır. Biz dəfələrlə demişik ki, işğalçı dövlətə, Ermənistana
sanksiyalar tətbiq edilməli idi. Əgər vaxtında sanksiyalar tətbiq
edilsəydi, bəlkə də bu məsələ çoxdan həll olunardı. Ermənistana
qarşı çox ciddi təzyiq göstərilməliydi, sözdə deyil, əməldə. Amma
təəssüf ki, bu, olmadı. Ona görə bu proses 30 il çəkdi. Otuz il heç
bir nəticə verməyən danışıqlar artıq mənasını itirməkdədir. Bundan
əlavə, son dönəmdə Ermənistanın hərbi-siyasi rəhbərliyi həm
təcavüzkar hərəkətlərlə, eyni zamanda, aqressiv bəyanatlarla
danışıqlar prosesini məhv etdi. Yəni, ona çox böyük zərbə vurdu.
“Qarabağ Ermənistandır” demək, əslində, müzakirələrə son qoymaq
deməkdir. Çünki müzakirələrin əsas mahiyyəti ondan ibarətdir ki,
işğal edilmiş torpaqlar tədricən, mərhələli qaydada Azərbaycana
qaytarılmalıdır. Bu, əsas prinsiplərdə təsbit olunub. “Qarabağ
Ermənistandır” demək faktiki olaraq bu prosesə son qoyur. Buna
oxşar digər açıqlamalar olubdur. Sonra iyul ayında Ermənistan
Azərbaycana dövlət sərhədi istiqamətində hücum etdi, bir çox hərbçi
və bir mülki şəxs həlak oldu. Ona görə atəşkəsin bərpası şərtlərlə
təmin edilməlidir. İlk növbədə, Ermənistan silahlı qüvvələrinin
işğal edilmiş torpaqlardan çıxış təqvimi, yəni, çıxış cədvəli bizə
təqdim edilməlidir. Bu məsələ ilə bağlı biz Minsk qrupuna artıq öz
mövqeyimizi çatdırmışıq. Ümid edirəm ki, bizim bu çağırışlar, bu
təkliflər cavabsız qalmayacaq.

-Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk
qrupundan söz düşmüşkən, düşünürəm Fransanı da ayrıca qeyd etmək
lazımdır. Fransanın bu məsələdəki mövqeyi ilə bağlı nə deyə
bilərsiniz?

-Mən artıq bu məsələ ilə bağlı bir neçə dəfə açıqlamalar verdim.
Biz hər zaman Minsk qrupunu bir qrup kimi qəbul edirdik və bu gün
də belədir. Hesab edirdik ki, bu qrupa həmsədrlik edən ölkələr
bitərəf qalmalıdır, heç bir tərəfi dəstəkləməməlidir. Çünki əks
təqdirdə onların vasitəçilik missiyası sual altına düşür. Son
hadisələrə qədər onlar neytrallığı az-çox saxlamağa müvəffəq
olmuşdular. Biz bilirik ki, bu ölkələrdə erməni lobbisi güclüdür.
Erməni lobbiləri o ölkələrin hökumətlərinə də təsir edə bilər və
edir. Bu gün biz görürük ki, müxtəlif ölkələrdə yaşayan ermənilər
təşkilatlanmış qaydada Azərbaycana qarşı qara təbliğat kampaniyası
aparırlar. Ancaq əfsuslar olsun ki, bu günlərdə bəzi ölkələr
tərəfindən birtərəfli mövqe sərgiləndi, tərəftutma halları baş
verdi. Bu da qəbuledilməzdir. Buna görə biz öz sözümüzü demişik.
Əgər vasitəçilər vasitəçi kimi qalmaq və bu məsələ ilə bundan sonra
məşğul olmaq istəyirlərsə, onlar daha məsuliyyətli olmalıdır və heç
bir tərəf tutmamalıdır. Çalışmalıdırlar ki, bu məsələnin həllinə
hesablanmış addımlar atsınlar və münaqişə tezliklə həll olunsun.
Ondan sonra atəşkəs bərpa edilsin və uzunmüddətli sülh olsun.

-Fransa prezidenti Emmanuel Makronun nə üçün üzr
istəməsinin gərəkliyini söylədiniz?

-Siz də bilirsiniz ki, bizə qarşı ittihamlar səsləndi. Rəsmi
açıqlamalarda səsləndi ki, sanki Azərbaycanla Türkiyə birlikdə
bölgəyə terror qruplarının nümayəndələrini gətirib. Halbuki bunun
heç bir sübutu yoxdur. O açıqlamalardan artıq on gün keçir. Bu günə
qədər bizə heç bir sübut verilməyib. Bu, bizə qarşı edilən
haqsızlıqdır. Bu, yalan məlumat əsasında ifadə edilən açıqlamadır.
Bu ya yoxlanılmamış, təsdiqini tapmamış məlumat əsasında deyildi,
ya da ki, bu qəsdən deyildi. Bunu mən deyə bilmərəm. Hər halda, hər
bir ölkə özünü müdafiə etməlidir. Bizə qarşı edilən haqsızlıq təbii
ki, biz tərəfdən cavablandırılır. Biz buna səssiz qala bilmərik.
Eyni zamanda, başqa bir açıqlama da olmuşdur ki, “Azərbaycan Dağlıq
Qarabağı fəth etmək istəyir”. Bu da beynəlxalq qanunlara tamamilə
zidd olan bir açıqlamadır. Çünki Dağlıq Qarabağ bizim
torpağımızdır. Bir ölkə öz torpağını necə fəth edə bilər? Bu cür
sözlər Minsk qrupunun mandatına tamamilə zidd olan açıqlamalardır.
Biz, sadəcə olaraq, istəyirik ki, 30 ilə yaxın öz yurdlarından
didərgin salınmış məcburi köçkünlərimiz öz evlərinə qayıtsınlar,
Azərbaycanın ərazi bütövlüyü təmin edilsin. Azərbaycanın ərazi
bütövlüyü başqa ölkələrin ərazi bütövlüyü qədər əhəmiyyətlidir
.

-Qara təbliğatdan söz düşmüşkən, Azərbaycan əks-hücumu
başlayandan bəri Azərbaycana qarşı, xüsusilə sosial mediada qara
təbliğat aparılır. Bununla bağlı nə deyə bilərsiniz? Əlinizdə buna
dair nə kimi faktlar var?

-Bilirsiniz, bizə qarşı qara təbliğat uzun illər ərzində
aparılır. Bunun bir neçə səbəbi var. Onlardan biri də odur ki,
Azərbaycan dünya miqyasında müstəqil siyasət aparır. Bizim
siyasətimizin mərkəzində Azərbaycan xalqının maraqları dayanır. Biz
başqa ölkələrin əlində alət olmamışıq, olmaq da istəmirik və
olmayacağıq. Bugünkü Azərbaycanın inkişafı, bütün istiqamətlər üzrə
əldə edilmiş inkişaf göstərir ki, Azərbaycan haqq yolundadır.
Baxın, bizim beynəlxalq əlaqələrdə böyük uğurlarımız var. Bu gün
Azərbaycan dünya miqyasında məsuliyyətli və etibarlı ölkə kimi
tanınır. Biz hazırda Birləşmiş Millətlər Təşkilatından sonra ikinci
böyük beynəlxalq təsisata, Qoşulmama Hərəkatına sədrlik edirik. Biz
120 ölkənin dəstəyi ilə buna nail ola bilmişik. Azərbaycan bu gün
Avropa ilə Asiya arasında həm siyasi, həm coğrafi, həm də enerji
körpüsüdür. Yəni, bütün bu uğurları, o cümlədən müstəqil siyasət
sayəsində əldə etmişik. Bu, bəzi ölkələrin xoşuna gəlmirdi, bəzi
ölkələr Azərbaycana yuxarıdan aşağı baxmağa çalışırdılar. Ancaq
bizim qətiyyətli mövqeyimiz buna imkan vermədi. Ona görə bizə olan
təzyiqlərin səbəblərinin biri də məhz budur ki, müstəqil siyasət
aparırıq, öz yolumuzla gedirik, heç kimin sözü ilə oturub-durmuruq,
heç kimin qarşısında baş əymirik. Digər səbəblər də var. Bu, çox
uzun bir söhbətdir, ayrı müsahibənin mövzusu ola bilər. Bu
hadisələr baş verən kimi dərhal bizə qarşı müntəzəm olaraq qara
təbliğat aparanlar, qeyri-hökumət təşkilatları və bəzi ölkələrin
dairələri, media nümayəndələri hərəkətə keçdilər ki, Azərbaycanın
imici ləkələnsin, bizə böhtan atılsın, bizim haqqımızda olmayan
yalanlar uydurulsun və beləliklə, informasiya məkanında bu münaqişə
ilə bağlı yanlış bir rəy, yanlış bir fikir yaradılsın.

Biz, əlbəttə ki, bizə ünvanlanan bu ittihamlarla təkbaşına
mübarizə apararaq müəyyən uğurlar əldə etmişik. Ancaq bizim də
imkanlarımız məhduddur. Bir çox hallarda bizim səsimiz eşidilmir.
Bizə beynəlxalq platforma verilmir. Beynəlxalq media qurumları daha
çox Ermənistanın tərəfini tuturlar və münaqişə ilə bağlı yalan
məlumatlar yayırlar. Ona görə, fürsətdən istifadə edərək qardaş
Türkiyənin media mənsublarına təşəkkürümü bildirmək istəyirəm ki,
onlar bu günlərdə bütün dünyaya bu savaşla bağlı həqiqətləri
çatdırır, canlı efirdə məlumatlar verirlər – dağıdılmış şəhərlər,
düşən raketlər, Gəncə şəhəri, Mingəçevir şəhəri, Tərtər şəhəri.
Yəni, daha çox Türkiyə media qurumları tərəfindən verilən bu
məlumatlar dünyada bu münaqişə ilə bağlı daha ədalətli fikrin
yaranmasına xidmət göstərir.

-Cənab Əliyev, əməliyyat başlanmazdan bir neçə gün əvvəl
ABŞ-da – Nyu-Yorkda BMT Baş Assambleyasında iştirak edən liderlərə
çağırış etdiniz, dünyaya çağırış etdiniz. Həmin çıxışınızda bəzi
terrorçu qrupların Ermənistana göndərildiyini açıqladınız və bu
məsələyə diqqəti yönəltdiniz. Xüsusilə də bu məsələyə diqqət
yetirilməsini vurğuladınız. Bu açıqlamanızdan üç gün sonra
Ermənistan Azərbaycana hücuma başladı. İndi bu məsələ ilə bağlı
Azərbaycanın əlində hansı kəşfiyyat məlumatları var?

-Mən o çıxışımda, eyni zamanda, bildirmişdim ki, Ermənistan yeni
müharibəyə hazırlaşır. Bizdə olan məlumat onu göstərir və
Ermənistan dayandırılmalıdır. O ki qaldı, Ermənistanda terror
təşkilatlarının düşərgələrinin mövcudluğuna, bu məlumatlar bizdə
əvvəldən də olub.

-Bunlar hansı terror qruplarıdır?

-İlk növbədə, PKK terror qruplarının düşərgələri Azərbaycanın
Ermənistan tərəfindən işğal edilmiş torpaqlarında mövcud idi. Bizdə
olan yeni kəşfiyyat məlumatları, – bunların bir hissəsi artıq
mətbuata da açıqlandı, – onların danışıqları, onların təmasları
haqqında artıq sənədlər və audioməlumat var. Bu, bizdə heç bir
şübhə doğurmayan bir məsələ idi. Çünki Ermənistan terrorçu ölkədir.
Birinci Qarabağ müharibəsi dönəmində bizə qarşı onlarla terror aktı
törədilmişdir – metrolarda, avtobuslarda, gəmilərdə. Hesab edirəm
ki, erməni terroru dünyada məşhur olan bir mənfur fakt kimi dünya
tərəfindən qəbul edilməlidir. Fransa aeroportunda 1980-ci illərdə
terror aktını törədən şəxs sonra Ermənistana verildi, daha sonra
sərbəst buraxıldı və o, qəhrəman hesab olundu. Ona görə bu gün də
müxtəlif ölkələrdən Ermənistana terrorçular axışır. Bizdə olan
məlumata görə, bəzi Yaxın Şərq ölkələrindən, orada yaşayan
ermənilər və digər qeyri-millətlərdən olan insanlar Ermənistana
axışır ki, Azərbaycana qarşı bu haqsız müharibəyə qoşulsunlar.

– ATƏT-in Minsk qrupu mövzusuna təkrar qayıtmaq
istəyirəm. Onun həmsədrlərindən biri də Rusiyadır. Rusiyadan
bölgədə hansı gözləntiləriniz var?

-Rusiya da ATƏT-in Minsk qrupunun həmsədri kimi təbii ki,
vasitəçilik missiyasını icra edir. Bu məsələ ilə bağlı bizdə hər
hansı problem yoxdur. Eyni zamanda, bu üç həmsədr arasında Rusiya
tək ölkədir ki, bizimlə qonşudur. Təbii ki, Rusiya ilə bizim uzun
tarixi münasibətlərimiz var. İndiki dönəmdə Rusiya həm
Ermənistanla, həm də Azərbaycanla əlaqələrini inkişaf etdirir. Bu,
çox önəmli faktdır. Ona görə nə ikitərəfli formatda, nə də ki,
Minsk qrupu çərçivəsində hər hansı bir problem yoxdur. Bu hadisələr
dönəmində də Rusiyanın mövqeyi məsuliyyətli mövqedir.

-Cənab Prezident, İran bu məsələdə hansı
mövqedədir?

-İran rəsmiləri Azərbaycanın haqq işini dəstəklədilər. Bir-iki
gün bundan əvvəl İranın rəsmi şəxsləri açıqlamalar vermişlər ki,
işğala son qoyulmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa
edilməlidir və bizim köçkünlərimiz öz torpaqlarına qayıtmalıdırlar.
Bu da ədalətli mövqedir.

-Yaxşı, bəs, bu prosesdə ABŞ Prezidenti Donald Trampla
hər hansı təmaslarınız oldumu? Siz ABŞ-ın bu prosesdə olmasının
vacibliyini düşünürsünüzmü?

– Amerika da Minsk qrupunun həmsədridir. Digər iki həmsədrlə
birlikdə bu işlərdə iştirak edir. Amerika Prezidenti ilə mənim hər
hansı bir təmasım olmamışdır. Ancaq Amerikanın yüksəksəviyyəli
rəsmiləri bu işlərlə, bu hadisələrlə bağlı təbii ki, öz fikirlərini
bildirmişdilər. Eyni zamanda, hörmətli Donald Tramp da bu məsələ
ilə bağlı açıqlama vermişdir. Hesab edirəm ki, tam, məntiqli bir
açıqlama idi. Amerika ilə bizim ikitərəfli formatda əlaqələrimiz
uğurla inkişaf edir. Bir çox sahələrdə biz tərəfdaş kimi fəaliyyət
göstəririk. Təbii ki, Amerika superdövlət kimi, bu məsələ ilə də
bağlı öz sözünü deyir. Biz Amerikanın mövqeyindən də razıyıq.

-İyul ayında Ermənistan Tovuz şəhərinə hücum etdi. İndi
bu əməliyyat vaxtı yenə də mülki yaşayış məntəqələrini vurur. Bunu
Ermənistanın Azərbaycanı təxribata çəkmək üçün etdiyini bir qədər
əvvəl demişdiniz. Təxribata çəkməkdən başqa, bu məntəqələrin,
xüsusilə də Tovuz şəhərinin, Mingəçevirdəki elektrik stansiyasının
hədəfə alınması, bu kimi hədəflərin vurulması, əslində, regiondakı
enerji təhlükəsizliyini də təhlükə altına alırmı? Bu, enerji
xətlərinin hədəfə alınması anlamına gəlirmi? Xüsusilə
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərini, TANAP layihəsini nəzərdə
tuturam. Bunlarla bağlı nə deyə bilirsiniz?

-Təbii, bu da Ermənistanın hədəflərindən biridir. Bunu onlar
gizlətmirdilər və eyni zamanda, bu hadisələrə qədər Ermənistan
rəhbərliyi tərəfindən verilən açıqlamalarda göstərilmişdir ki,
onlar bizim strateji enerji infrastrukturumuzu vurmaq
fikrindədirlər. Boru xətlərini, eyni zamanda, Səngəçal neft-qaz
terminalını, hansı ki, dünya miqyasında ən böyük neft-qaz
terminallarından biridir. Əslində, Tovuz hadisələrinin
səbəblərindən biri də məhz bu idi – yeni Azərbaycan torpaqlarını
işğal etmək, ondan sonra müzakirə masasında öz mövqelərini
gücləndirmək, eyni zamanda, bizim strateji enerji xətlərimizə ya
yaxınlaşmaq, ya da ki, onları nəzarət altına almaq və ondan sonra
bizə diktə etmək. Bu, erməni dövlətinin planlarında hər zaman olan
bir məsələdir. Onlar bunu gizlətmirlər. Mingəçevir elektrik
stansiyasının vurulması da bu planın bir tərkib hissəsidir. Çünki
Mingəçevir stansiyası nəinki Azərbaycanın, bütün Cənubi Qafqazın ən
böyük stansiyasıdır. Baxmayaraq ki, biz son illər ərzində bir çox
stansiyalar inşa etmişik, bu gün Mingəçevir bizim ən böyük
stansiyamızdır və ölkəmizin böyük hissəsinin elektrik enerjisini o,
təmin edir. Əgər o sıradan çıxsaydı, təbii ki, enerji məsələlərində
müəyyən problemlər yarana bilərdi. Bu gün Azərbaycan həm xam neft,
həm təbii qaz, həm də elektrik enerjisi ixrac edir. Yəni, bizdə
istehsal olunan elektrik enerjisinin artıq hissəsini ixrac edirik.
Bu, bizim iqtisadi potensialımıza hesablanan bir addım idi və bir
daha Ermənistanın, Ermənistan rejiminin cinayətkar mahiyyətini
bütün dünyaya göstərir.

-Cənab Əliyev, Dağlıq Qarabağda nə qədər Azərbaycan
əhalisi yaşayır?

-Dağlıq Qarabağda bu gün bir dənə də azərbaycanlı yoxdur, hamısı
qovuldu. Həm Dağlıq Qarabağ ərazisindən, həm də ki, Dağlıq
Qarabağın, – Dağlıq Qarabağ bir muxtar vilayət idi sovetlər
dönəmində, – ətrafındakı 7 rayondan da bütün azərbaycanlı əhali
qovuldu. Sovetlər dönəmində, 1980-ci illərin sonunda Dağlıq
Qarabağın əhalisinin yüzdə 25-i azərbaycanlılar idi. Şuşa şəhərinin
əhalisinin 98 faizi azərbaycanlılardan ibarət idi. Şuşa bizim qədim
tarixi şəhərimizdir. Birinci mərhələdə bütün azərbaycanlılar
Şuşadan, sonra Xankəndidən, digər şəhər və kəndlərdən, daha sonra
Dağlıq Qarabağın ətrafında olan yeddi bölgədən qovuldu. Bu gün
Dağlıq Qarabağda və işğal altındakı ətraf bölgələrdə Azərbaycan
əhalisi yoxdur. Biz indi qayıdacağıq. Biz dörd il bundan əvvəl
artıq qayıdışa başlamışıq. Ancaq indiki toqquşmalar başa çatandan
sonra biz əlbəttə ki, o bölgələrə qayıdacağıq.

-Azərbaycanlılar işğal altındakı Qarabağ torpaqlarından
qovuldu dediniz. Amma hazırda Azərbaycanın digər torpaqlarında da
çoxlu sayda erməni əhali yaşayır. Bununla bağlı nə
söyləyərdiniz?

– Bu da təbiidir. Çünki Azərbaycanda bir çox millətlər yaşayır,
bir ailə kimi yaşayır və Azərbaycan dünya miqyasında multikultural
ölkə kimi tanınır. Bunu həm Birləşmiş Millətlər Təşkilatı, eyni
zamanda, humanitar sahədə fəaliyyət göstərən digər beynəlxalq
təşkilatlar qeyd edirlər. Azərbaycan tolerantlıq, milli, dini
dözümlülük məkanıdır. O cümlədən bizdə bu gün minlərlə erməni
yaşayır, onlar bizim vətəndaşlarımızdır. Onlar da başqa millətlər
kimi normal yaşayırlar. Əlbəttə, bu müharibə, münaqişə başa
çatandan sonra mən əminəm ki, bu gün Dağlıq Qarabağda yaşayan
ermənilər də bizimlə bərabər yaşayacaqlar. Azərbaycan çoxmillətli
ölkədir, tarixən belə olub. Hesab edirəm ki, bu, bizim böyük
üstünlüyümüzdür.

Amma Ermənistanda heç bir başqa millət yaşamır. Ermənistan dünya
miqyasında çox nadir ölkələrdəndir ki, orada əhalinin yüzdə doxsan
doqquzu ermənilərdir. Bütün digər millətlər oradan qovuldu. İlk
növbədə, azərbaycanlılar qovuldu, ondan sonra digər millətlər
qovuldu. Ermənistan monodövlətdir və bu, bir daha onu göstərir ki,
irqçi dövlətdir. Heç bir başqa millətin nümayəndəsi orada yaşaya
bilmir. Ya o əziyyətə dözməyərək özü oradan çıxır, ya da ki, zor
gücü ilə çıxarılır.

-Cənab Prezident, bir neçə sualım qaldı, icazənizlə,
onları da söyləyim. Bir daha əməliyyat zonası ilə bağlı mövzuya
qayıdası olsaq, xüsusən pilotsuz uçuş aparatlarının və silahlı
pilotsuz uçuş aparatlarının Azərbaycan Ordusunun arsenalına daxil
edilməsi necə bir fərq yaratdı?

– Çox böyük fərq yaratdı. Türkiyə istehsalı olan silahlı
pilotsuz uçuş aparatları çox müasir, çağdaş texnologiyalar əsasında
yaradılmış silah növüdür və dünyada cəmi bir neçə ölkə var ki, belə
imkanlara malikdir. Bu da Türkiyənin həm texnoloji, həm iqtisadi,
həm intellektual potensialının təzahürüdür. Əlbəttə ki, belə
imkanların bizdə olması işimizi asanlaşdırır və insanlarımızın,
əsgərlərimizin həyatını xilas edir. Çünki onlar olmasaydı, havadan
vurulan həmin tankları, topları və digər erməni texnikasını biz
gərək yerdən vuraydıq. O da çox böyük insan itkisinə gətirib çıxara
bilərdi. Bu aparatlar insan itkisinin yüksək rəqəmlərlə ölçülməməsi
üçün bizə böyük üstünlük verir. Eyni zamanda, onların texnologiyası
mükəmməldir.

-Hava hücumundan müdafiə sistemlərindən söz düşmüşkən,
Ermənistan tərəfində xüsusən Rusiyadan alınan müasir hava
hücumundan müdafiə sistemləri var – S-300-lər kimi. Həmçinin
Azərbaycan Ordusunda da müdafiə sistemləri var, ancaq bu silahlar
yoxdur. Sizcə bu, ikili standart yaradırmı?

– Xeyr, bizdə S-300 hava hücumuna qarşı qurğular var, biz onları
Rusiyadan almışıq. Rusiyadan bir çox silahlar almışıq. Burada heç
bir məhdudiyyət yoxdur. Ona görə ikili standartlardan danışa
bilmərəm. Yalnız bir fərq ondadır ki, biz bunu pulla alırıq və bu
da çox bahalı sistemlərdir. Ermənistan isə bir çox hallarda pulsuz
alır. Yəni, hədiyyə kimi, ya da ki, kredit şəklində alır. Amma o
kredit kağız üzərində qalır, qaytarılmır. Təbii ki, bu bahalı
silahlar Ermənistana pulsuz verilməsəydi, Ermənistanın buna sahib
olması müzakirə mövzusu ola bilməzdi və bu münaqişə çoxdan
çözülərdi. Çünki Ermənistanın silahlanması və pulsuz silahlanması
onlarda bir əminlik yaratdı ki, bu torpaqları işğal altında əbədi
saxlaya bilərlər. Yəni, fərq bundadır. Ancaq bizim imkanımız var
ki, Rusiyadan silahlar alaq. Biz başqa ölkələrdən də silahlar
alırıq. Bu məsələ ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur. Bəzi
ölkələr var ki, onlar bizə embarqo qoyublar, ancaq bu, bizə o qədər
də böyük problem yaratmır. Çünki indi silah bazarı daha çox
şaxələnmiş bazardır, coğrafiyası da genişlənir. Mən bu yaxınlarda
demişəm, bu gün Türkiyənin müdafiə sənayesi o qədər sürətlə inkişaf
edir ki, ümid edirəm, gələcəkdə bizim Türkiyə silahları ilə
təchizatımız daha da yüksək səviyyəyə qalxacaqdır.

-Bizim burada diqqətimizi çəkən bir məsələyə toxunmaq
istəyirəm. Hara getsək – Bakıda və ya münaqişə bölgəsindəki
şəhərlərdə, Tərtərdə, hər yerdə Azərbaycan bayraqlarının yanında
Türkiyə bayraqlarını da görürük. Bununla bağlı nə söyləmək
istərdiniz.

– Bu, əslində, hər zaman belə idi. Çünki Türkiyə bizim üçün
təkcə müttəfiq və ən yaxın ölkə deyil. Türkiyə bizim üçün qardaş
ölkədir, necə ki, Azərbaycan Türkiyə üçün. Türkiyə bayrağı bizim
üçün əziz bayraqdır, Azərbaycan bayrağı qədər əzizdir. Ancaq təbii
ki, bu münaqişə, bu döyüşlər zamanı Türkiyənin dəqiq mövqeyi, cənab
Prezident, mənim qardaşım Rəcəb Tayyib Ərdoğanın açıqlamaları,
Azərbaycana göstərilən dəstək, Türkiyədən gələn məktublarda
insanların “Azərbaycan tək deyil” sözləri, əlbəttə ki, Türkiyəyə
olan məhəbbəti daha da artırdı. Siz də bunun şahidisiniz ki, bütün
bölgələrdə Türkiyə və Azərbaycan bayraqları bir yerdə dalğalanır.
Eyni zamanda, bu gün Türkiyədə də Türkiyə ilə Azərbaycan bayraqları
bir yerdə dalğalanır. Mənə göstərilən o videokadrlar da bizi çox
duyğulandırır, çox məmnun edir ki, bizim türk qardaşlarımız orada
avtomobilləri, binaları Türkiyə və Azərbaycan bayraqları ilə
bəzəmişlər. Yəni bu, əsl qardaşlıq, həmrəylik rəmzidir. Azərbaycanı
Türkiyə qədər dəstəkləyən ikinci ölkə yoxdur. Dünyada Türkiyəni də
Azərbaycan qədər dəstəkləyən ikinci ölkə yoxdur. Bu, bizim böyük
sərvətimizdir.

-Son sualımı ünvanlayacam, cənab Prezident. Hazırda
qarşınızda mənim yerimə Ermənistanın baş naziri Paşinyan olsaydı,
ona nə söyləyərdiniz?

– Əslində, mənim ona sözüm yoxdur. Çünki mən onunla dəfələrlə
görüşmüşdüm. İki il bundan əvvəl o, hakimiyyətə gələndən sonra
bizim ilk təmaslarımızda hesab edirəm ki, aramızda çox yaxşı söhbət
olmuşdu. Mənim də ümidlərim var idi ki, o, yeni baş nazir kimi
Ermənistanın işğalçılıq siyasətinə düzəlişlər, dəyişikliklər
edəcək, anlayacaqdır ki, bu münaqişə həll olunmasa bölgəyə sülh
gəlməyəcək, çevriliş zamanı hakimiyyətə gəlmiş, böyük vədlər vermiş
bir insan kimi o vədləri tuta bilməyəcək, yerinə yetirə bilməyəcək.
Çünki əgər Azərbaycan ilə Ermənistanın əlaqələri normallaşmasa,
Ermənistanın iqtisadi inkişafından danışmağa dəyməz. Ümid edirdim
ki, o, bunu anlayır və Ermənistandan gələn ilk mesajlar çox müsbət
idi. Biz də təmkin göstərdik, onların xahişini nəzərə alaraq
atəşkəs rejimini möhkəmləndirdik və demək olar ki, son iki il
ərzində atəşkəs rejimi möhkəm saxlanılan rejim idi. Bunu Minsk
qrupunun həmsədrləri də öz açıqlamalarında qeyd etmişlər. Ancaq
sonra nəyi gördük? Onu gördük ki, o, bizi aldatdı. Amma hesab
edirəm ki, siyasətdə bu, çox yanlış bir yoldur. Aldatmaq olmaz.
Bizim sözümüz imzamız qədər keçərlidir. Ancaq bizə verilən sözlər
yalan çıxdı və onun tərəfindən “Qarabağ Ermənistandır və nöqtə”
deməsi müzakirələrə faktiki olaraq son qoydu. Ondan sonra digər
təxribatçı açıqlamalar, o cümlədən Azərbaycan Dağlıq Qarabağla,
yəni qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar
aparmalıdır kimi bəyanatlar verildi. Bu da danışıqlar formatına
vurulan zərbə idi. Təkcə biz yox, Minsk qrupu da bunun əleyhinə
çıxmışdır. Sonra iyul ayında Tovuzda hərbi təxribat törətdilər,
avqustda təxribat qrupunu göndərdilər və keçən ay artıq
genişmiqyaslı hücum həyata keçirdilər. Ona görə mən ona bütün
sözlərimi demişdim. Mənim sözüm erməni xalqınadır ki, onlar öz
hökumətini məsuliyyətə cəlb etsinlər, onlardan atəşin
dayandırılmasını, işğala son qoyulmasını tələb etsinlər, öz
övladlarını, öz uşaqlarını müharibəyə göndərməsinlər, Azərbaycana
göndərməsinlər. Çünki bu gün qondarma “Dağlıq Qarabağ
respublikasının ordusu”nun 90 faizini Ermənistan vətəndaşları
təşkil edir. Yəni, “Dağlıq Qarabağ ordusu” anlayışı yoxdur. Nə üçün
Ermənistanda doğulmuş bir insan gəlib Azərbaycan torpaqlarında bizə
qarşı vuruşmalıdır? Ona görə mənim sözüm erməni xalqınadır ki, bu
gün Azərbaycanda ermənilər rahat yaşayır, bundan sonra da
yaşayacaqlar. Onların normal yaşaması üçün Azərbaycan dövləti hər
şeyi edir. Ermənistan rəhbərliyinə bir sözüm var ki, siz işğal
edilmiş torpaqlardan nə qədər tez çıxsanız, sizin üçün o qədər də
yaxşı olacaq.

-Cənab Prezident, bu tarixi günlərdə, döyüşlərin davam
etdiyi bir vaxtda çox önəmli açıqlamalar verdiniz. Müsahibə üçün
bir daha CNN Türk televiziyası adından çox təşəkkür
edirəm.

-Mən də sizə təşəkkür edirəm, CNN Türk televiziyası demək olar
ki, hər gün gözəl reportajlar yayımlayır. Studiyalarda canlı
müzakirələr təşkil edilir, bu müzakirələrə önəmli insanlar qatılır.
Azərbaycana göstərilən birmənalı dəstəyə görə kanalınıza
təşəkkürümü bildirirəm. Türkiyənin bütün media toplumuna
təşəkkürümü bildirirəm ki, onlar bu ağır günlərdə bizimlə bir
yerdədirlər.

-Çox sağ olun, bir daha təşəkkür edirəm.

– Sağ olun, təşəkkür edirəm.