Serebral iflicin stasionar müalicəsi üçün sığorta hesabına tibbi xidmət göstərilən şəxslərin sayı açıqlandı

Baş səhifə

Bakı. Trend:

Serebral iflicin stasionar müalicəsi üçün icbari tibbi sığorta
hesabına 34 mindən çox tibbi xidmət göstərilib.

Trend xəbər
verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
məlumat yayıb.

Bildirilib ki, serebral iflic (uşaq serebral iflici) döldə və ya
yenidoğulmuşda beynin inkişaf anomaliyaları və ya
proqressivləşməyən zədələnməsi nəticəsində yaranan, hərəkət və
duruş problemlərinin inkişafına səbəb olan nevroloji xəstəlikdir.
Adətən uşaqlıq dövründə aşkarlanır və bəzən digər problemlərlə –
intellekt, nitq, eşitmə və görmə qabiliyyətinin pozulması ilə
müşayiət olunur.

Serebral iflicin diaqnozu əsasən kliniki əlamətlər və nevroloji
müayinə əsasında qoyulur. Məsələn, nevroloji müayinə zamanı hərəkət
və koordinasiya çətinlikləri, reflekslər və əzələ tonusu (əzələ
gərginliyi) qiymətləndirilir, eşitmə və görmə qabiliyyətini ölçmək
üçün bəzi müayinələr, laborator analizlər, elektroensefaloqrafiya
(EEQ) müayinələri edilir. Beynin strukturunda anomaliyaları
aşkarlamaq üçün isə ən effektiv üsul olaraq MRT-dən istifadə
olunur. Həkim göstərişi ilə alternativ üsul kimi KT müayinəsi də
seçilə bilər.

Serebral iflic tam müalicə edilə bilməsə də, simptomları idarə
etmək mümkündür. Müalicənin əsas məqsədi əzələ gərginliyini aradan
qaldırmaq və tonusunu azaltmaq, ağırlaşmaların qarşısını almaqdır.
Bu məqsədlə həm konservativ, həm də cərrahi müalicə üsullarından
istifadə olunur. Konservativ müalicə üsulları kimi əsasən
fizioterapiya və reabilitasiyaya üz tutulur. Bu müalicə üsulu ilə
tonusu normallaşdırmaq, hərəkətlərin koordinasiyasını
yaxşılaşdırmaq mümkündür. Ağırlaşma hallarında isə stasionar
terapevtik müalicəyə üz tutulur.

Ötən il ərzində icbari tibbi sığorta hesabına serebral iflicin
stasionar müalicəsi üçün 34 mindən çox tibbi xidmət göstərilib.




Cərrahi müalicəyə neyrotomiya (sinirlərin kəsilməsi), tenotomiya
(vətərlərin kəsilməsi), əzələ və vətərlərin uzadılması, köçürülmə
və transplantasiyası, artrodez və osteotomiyaları misal göstərmək
olar.

Serebral iflicli pasiyentlərin müalicəsi nevroloq,
fizioterapevt, reabilitoloq, LOR, oftalmoloq, neyrocərrah,
ortoped-travmatoloq və digər ixtisaslı həkimlərin birgə işi
nəticəsində aparılır. Erkən diaqnoz və reabilitasiya çox vacibdir.
Həyat keyfiyyətini artırmaq üçün müalicə uzunmüddətli və sistematik
şəkildə aparılmalıdır.

Sadalanan müayinə və müalicə üsulları icbari tibbi sığortanın
Xidmətlər Zərfi çərçivəsində qarşılanır. İcbari tibbi sığorta ilə
sözügedən tibbi xidmətlər tibbi göstəriş və həkim təyinatı əsasında
TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə
Nazirliyinin müvafiq elmi-tədqiqat institutları və mərkəzlərində,
göndəriş əsasında isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
ilə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət
orqanlarının tabeliyində olan tibb müəssisələrində) icra
olunur.

Xəstəlik barədə əhalinin məlumatlılığının artırılması erkən
diaqnostika və müalicənin vaxtında təyin edilməsi baxımından mühüm
əhəmiyyət daşıyır.

Məlumat üçün bildirək ki, serebral iflic ana bətnində, doğuş
zamanı və ya doğuşdan sonra beynin zədələnməsi ilə əlaqədar ola
bilər. Serebral iflicin bətndaxili səbəblərinə bunlar aiddir:
ananın kəskin və ya xroniki xəstəlikləri (hipertoniya, ürək
qüsurları, anemiya, piylənmə, şəkərli diabet, qalxanabənzər vəzin
xəstəlikləri və s.), hamiləlik dövründə müəyyən dərmanların qəbulu
və zərərli iş şəraitində işləmək, alkoqolizm, stress, hamiləlik
zamanı travma, uşaqlıq qanaxması, plasentar qan dövranının
anomaliyaları, ana və dölün qanı arasında immunoloji uyğunsuzluq
(ABO, Rh faktoru və digər sistemlər) və s. Vaxtından əvvəl doğuş,
çoxdöllü hamiləlik, kəskin oksigen çatışmazlığı, travmatik doğuş,
yenidoğulmuşda meningit, ensefalit və ya digər beyin infeksiyaları,
baş travmaları, beyin qanamaları da serebral iflicin digər yaranma
səbəblərindəndir.

Qeyd edək ki, uşaqda 3-4 aylığında başını düz tuta bilməmək, 6-7
aylığında oturmamaq, əllərini və ayaqlarını qeyri-bərabər hərəkət
etdirmək, sıx-sıx qıcolmalar (epileptik tutmalar) keçirmək, nitqdə
gecikmənin olması kimi əlamətlər olduğu təqdirdə erkən diaqnoz və
müdaxilə üçün valideynlər diqqətli olmalı və həkimə müraciət
etməlidirlər.