Azad Cəbrayıl yenidən qurulur, abadlaşır, dirçəlir – Vüqar Rəhimzadə

Baş səhifə

Bakı. Trend:

Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal
altında qalan əzəli tarixi torpaqlarımız 44 günlük Vətən
müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı
Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə
yazıldı. 4 oktyabr Cəbrayıl rayonunun 27 illik işğaldan azad
edildiyi gündür. İşğal zamanı rayon 1 şəhər, 4 qəsəbə və 92 kənddən
ibarət idi. Cəbrayıllı keçmiş məcburi köçkünlər respublikanın 58
rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən keçmiş qaçqın
düşərgələrində, yük vaqonlarında və yataqxanalarda
məskunlaşmışdılar. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, 5
yanvar 1994-cü il tarixində Horadiz əməliyyatı zamanı Cocuq
Mərcanlı kəndi işğaldan azad edilmişdi. Strateji yüksəkliklər
işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın
qayıtması mümkün olmuşdur. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın
başlanğıcı kimi dəyərləndirilir. 2016-cı il Aprel döyüşləri zamanı
Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi də
işğaldan azad edilmişdi. 44 günlük İkinci Qarabağ müharibəsində ilk
azad edilən şəhər də Cəbrayıl şəhəri oldu. Müzəffər Ali Baş
komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz
44 günün hər gününü tariximizə Zəfər səhifəsi kimi yazdı. Xalqımız
hər gün dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevdən
Zəfər müjdəsi almaqdan qürur hissi keçirirdi. 2020-ci il 27
sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar
kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan,
Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhəri və
rayonun 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu,
Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan
azad edildi. Düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət
istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük
qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəbrayıl əməliyyatının
əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad
olunandan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu
əks-hücumumuz mümkün oldu. Cəbrayıldan sonra Azərbaycan Ordusunun
Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi
istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar
yarandı. Üstəlik, Zəngilan, Qubadlı və Laçın rayonunun cənub
hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın
nəzarətinə götürüldü. 4 oktyabr 2020-ci il tarixdə xalqa
müraciətində “Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz
kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün
Azərbaycan xalqını ürəkdən təbrik edirəm” söyləyən Prezident İlham
Əliyev onu da qeyd etdi ki, biz bu gün xalqımızın və dövlətimizin
yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi
ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi
torpağımızdır.

Bu fikirləri Trend-ə Milli Məclisin deputatı Vüqar Rəhimzadə
bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Prezident İlham Əliyevin
2023-cü il 31 iyul tarixli Sərəncamı ilə Azərbaycanın işğaldan azad
edilmiş əraziləri üzrə şəhər günləri təsis edildi. Həmin Sərəncama
əsasən 4 oktyabr Cəbrayıl Şəhəri Günü kimi qeyd edilir.
Qürurvericidir ki, artıq beş ildir torpaqlarımızın işğaldan azad
edildikləri tarixləri qeyd edirik. Tarixi Zəfərimizin
əbədiləşdirilməsinə xidmət edən addımlardan biri kimi qeyd olunan
şəhər günləri 44 günlük Vətən müharibəsində qanları, canları ilə
tarix yazan qəhrəmanlarımızın dastana çevrilən həyat yolunun indiki
və gələcək nəsillərə çatdırılmasında böyük rolu var. Zəfərimizin
təqdimatına yönələn addımlardan biri də yeni medalların təsis
edilməsidir. 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına
görə” medalı təsis edilib. Cəbrayıl rayonunun işğaldan azad
edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək
şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin 22797 hərbi qulluqçusu “Cəbrayılın azad
olunmasına görə” medalı ilə təltif olunub.

Vüqar Rəhimzadə vurğulayıb ki, 30 illik işğal dövründə
Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz
viran edildi, mədəni irsimizə böyük zərbə vuruldu, tarixi-mədəni və
dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz
qaldı. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda
yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə
genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Keçmiş məcburi
köçkünlərin öz doğma yurdlarına qayıdışı üçün dövlətimizin başçısı
İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş
ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası uğurla
həyata keçirilir. Azad edilmiş ərazilərimizdə ondan artıq şəhərin
Baş planı hazırlanıb və bütün işlər məhz bu plan əsasında görülür.
Qarabağda, Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq
işləri dünyaya şəhərsalmanın Azərbaycan təcrübəsini təqdim edir.
Azad edilmiş ərazilərimizdə yeni idarəçilik sisteminin tətbiqi
işlərin səmərəliliyin artırılmasında əhəmiyyətli rol oynayır.

Millət vəkili bildirib ki, Nazirlər Kabinetinin Qərarı ilə
“Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”
təsdiq edilib. Şəhərin bərpası və inkişafı üçün 4 mərhələ nəzərdə
tutulur. 2026-cı ilin sonunadək təqribən 3800 nəfərin şəhərdə
yerləşəcəyi, 2040-cı ilin sonuna qədər isə Cəbrayıl şəhərində 15000
sakinin yaşayacağı proqnozlaşdırılır. Baş Planda yaşayış üçün 143
hektar ərazi ayrılıb və burada az, orta mərtəbəli binaların,
həyətyanı sahəyə malik fərdi yaşayış evlərinin inşası nəzərdə
tutulub. Əhalinin 82 faizinin orta və azmərtəbəli çoxmənzilli
binalarda, 18 faizinin isə fərdi evlərdə yaşayacağı planlaşdırılıb.
Yaşayış evlərinin layihələndirilməsi zamanı şəhər ərazisindən
səmərəli istifadə və müasir memarlıq nümunələri əsas götürülüb.

Vüqar Rəhimzadə bu statistik rəqəmlərə də diqqəti yönəldib ki,
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdışa
dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə,
respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, yarımçıq
tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən
ibarət ilk köç karvanı 2024-cü ilin 26 sentyabr tarixində Bakı
şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu vaxta kimi Cəbrayıla
659 ailə – 2856 nəfər köçürülüb. Sakinlərinə qovuşan 6 şəhər
sırasında Cəbrayıl şəhərinin də olması burada görülən işlərin aydın
mənzərəsini yaradır. Azad edilmiş bütün ərazilərimizdə əsas diqqət
infrastruktur layihələrinin icrasına yönəldilir. Əsas hədəf bura
qayıdan soydaşlarımızın yüksək şəraitinin təmin edilməsidir.
Onların məşğulluğunun təmin edilməsi əsas prioritetlər
sırasındadır.

Millət vəkili diqqəti ötən beş ildə dövlət başçısı İlham
Əliyevin və Birinci xanım Mehriban Əliyevanın azad edilmiş
ərazilərə səfərlərinə yönəldərək vurğulayıb ki, təkcə Cəbrayıl
rayonuna səfərlərin sayı 10-dur. Tarixi Zəfərimizdən dərhal sonra
bu torpaqlara ilk səfər də məhz 16 noyabr 2020-ci ildə Cəbrayıl və
Füzuli rayonlarına, o cümlədən Cəbrayıl və Füzuli şəhərlərinə oldu.
Həmin səfər çərçivəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham
Əliyev Xudafərin körpüsündə və Cəbrayıl şəhərində Dövlət bayrağını
ucaltdı. Sonrakı səfərlər də mühüm sosial obyektlərin açılışı və
təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qaldı. Ötən ilin 4
oktyabr tarixində, Cəbrayıl Şəhəri Günündə Prezident İlham Əliyev
və Birinci xanım Mehriban Əliyeva Cəbrayıl şəhərində inşa olunan
yaşayış kompleksinin açılışında iştirak edərək, yeni evlərə köçən
şəhər sakinlərinə mənzillərin açarlarını təqdim etdilər.
Dövlətimizin başçısı İlham Əliyev çıxışında bir daha bildirdi ki,
bu gözəl binalarda yaşamaq sizin haqqınızdır, siz buna layiqsiniz.
Əminəm ki, bu torpaqlarda yaşamış və oradan köçmüş, eyni zamanda,
bu torpaqları heç vaxt görməmiş sizin uşaqlarınız, nəvələriniz
burada rahat və xoşbəxt yaşayacaq, öz dövləti ilə, xalqı ilə həmişə
fəxr edəcəkdir.