Möhkəm dostluq və əməkdaşlıq ənənələri Azərbaycan-İtaliya münasibətlərini təcəssüm etdirir – Vüqar Rəhimzadə

Baş səhifə

Bakı. Trend:

“Bizim strateji tərəfdaşlığımız həm rəsmi sənədlərdə, həm
həyatda, praktik işlərdə özünü büruzə verir. Hesab edirəm ki,
bir-birindən uzaqda yerləşən ölkələr arasındakı münasibətlərin
qurulması bizim timsalımızda bir örnək ola bilər.”

Prezident İlham Əliyev sentyabrın 30-da ölkəmizdə rəsmi səfərdə
olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə
mətbuata birgə bəyanatlarında səsləndirdiyi bu fikirlər iki ölkənin
münasibətlərinin dünəninə, bu gününə və gələcəyinə işıq salır.

Dünyada etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınan
Azərbaycan səmərəli ikitərəfli münasibətlərə və beynəlxalq
təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə
üstünlük verir. Bu baxımdan beynəlxalq münasibətlər sisteminin
aktorları Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal
rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirir,
ölkəmizlə müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına böyük
önəm verirlər. Tarixi Zəfərimizdən sonra Azərbaycanın müxtəlif
ölkələrlə istər ikitərəfli, istərsə də çoxtərəfli çərçivədə
əlaqələrinin yeni istiqamətlər üzrə inkişafı diqqətdən kənarda
qalmır. Avropa İttifaqına üzv olan böyük və nüfuzlu dövlətlərlə
qarşılıqlı əməkdaşlıq daim inkişaf etdirilir, yeni istiqamətlər
müəyyənləşdirilir. Azərbaycan-İtaliya münasibətlərinin yüksələn
xətlə inkişafı da bunun bariz nümunəsidir. İtaliya və Azərbaycan
strateji tərəfdaşlardır.

Bu fikirləri Trend-ə Milli Məclisin deputatı Vüqar Rəhimzadə
deyib.

Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyev italiyalı
həmkarı ilə mətbuata birgə bəyanatında da bu məqamlara xüsusi
diqqət yönəltdi ki, aramızda iki strateji tərəfdaşlıq sənədi var.
Birinci sənəd 2015-ci ildə imzalanıb. İkinci sənəd – Hərtərəfli
Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə 5 il bundan əvvəl
imzalanıb. Bu illər ərzində münasibətlərimiz çox sürətlə və
müxtəlif istiqamətlər üzrə inkişaf edib. Siyasi əlaqələr ən yüksək
səviyyədədir. İqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət
tərəfdaşıdır və ildən-ilə ticarət dövriyyəmiz artmaqdadır.
Energetika sahəsində bir çox önəmli layihələr icra edilib. Xüsusilə
Azərbaycan neftini və qazını İtaliyaya ixrac etməklə dünya
bazarlarına geniş həcmdə öz təbii resurslarımızı göndərə
bilmişik.




Azərbaycan ilə İtaliya arasında münasibətlərin tarixi çox
qədimdir. İtaliya Azərbaycanın Avropada uzun illər ərzində
diplomatik əlaqələr saxladığı ölkələrdən biridir. Ötən dövrdə
ölkələrimiz arasında bütün sahələrdə inkişaf nəzərə çarpır. İki
ölkə arasında rəsmi münasibətlərin 1992-ci ildən başlanması və uzun
müddət ərzində uğurla inkişaf etməsi tərəflərin bir-birinə verdiyi
böyük dəyər və hörmətin nəticəsidir. Ölkələrimiz arasında həm
iqtisadi, həm də siyasi baxımdan çox yaxşı münasibətlər var.
Parlamentlərarası əlaqələr yüksək səviyyədədir. Dövlətlərimiz
arasında neft və qeyri-neft sektorunda çox yaxşı münasibətlər
qurulub. İkitərəfli münasibətlərin geniş hüquqi bazaya malik olması
əlaqələrin sürətlə inkişaf etməsinə münbit şərait yaradır. İtaliya
tarixə qovuşan Qarabağ məsələsində də daim Azərbaycanın ədalətli
mövqeyini dəstəkləyib. Hətta İtaliya Senatı Cənubi Qafqazda
vəziyyətlə bağlı qətnamə qəbul edib. Həmin qətnamədə Cənubi
Qafqazda sülhün bərqərar olmasında, keçmiş Qarabağ münaqişəsinin
həllində ölkələrin ərazi bütövlüyü prinsipinə böyük önəm verildiyi
öz əksini tapıb.

Milli Məclisin deputatı bildirib ki, möhkəm dostluq və
əməkdaşlıq ənənələri Azərbaycan-İtaliya münasibətlərini təcəssüm
etdirir. Bu münasibətlər qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri
daşıyır, bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır.
Hər iki ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri münasibətlərin
inkişafına böyük təkan verir. İtaliya Prezidenti Sercio
Mattarellanın 2018-ci ildə Azərbaycana ilk dövlət səfəri də
əlaqələrimizin inkişafında xüsusi yer tutur. Bu səfərdən sonra
Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin fevralında
İtaliyaya dövlət səfəri reallaşdı. Beləcə qarşılıqlı münasibətlər
daha sıx xarakter daşımağa başladı. Dövlətimizin başçısının 2022-ci
ildə İtaliyaya növbəti səfəri iki ölkə arasında əlaqələrin dinamik
şəkildə inkişaf etdiyini göstərir. Həmin səfər zamanı
İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar
imzalanmış sənədlərin mübadiləsi mərasiminin keçirilməsi,
dövlətimizin başçısının Çernobbio şəhərində keçirilən beynəlxalq
forumda iştirakı və çıxışı, həmçinin 2024-cü ilin iyununda
İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan “C-27J Spartan”
tipli hərbi nəqliyyat təyyarəsinin Heydər Əliyev Beynəlxalq
Aeroportunda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyevə təqdim olunması və digər faktlar iki ölkə
arasında əməkdaşlıq sahələrinin genişlənməsinin bariz
nümunəsidir.

Statistik rəqəmlər də ölkələrimiz arasında əlaqələrin yüksələn
xətlə inkişafı barədə aydın təsəvvür yaradır. Belə ki, iki ölkə
arasında ticarət dövriyyəsinin əsasını Azərbaycanın ixracatı təşkil
edir. Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsinin həcmi artıb.
İtaliyanın da Cənubi Qafqaz ölkələri arasında əsas ticarət
tərəfdaşı Azərbaycandır. Ölkələrimiz arasında ticarət dövriyyəsi
çoxşaxəlidir və daim genişlənir. İtaliya şirkətləri Azərbaycanda
iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə də qeyri-neft
sektorunda çox geniş təmsil olunurlar. Hazırda İtaliya işgüzar
dairələri, həmçinin Azərbaycanda böyük məbləğdə sərmayələr qoyur,
həyata keçirilən bir sıra beynəlxalq əhəmiyyətli layihələrdə
iştirak edirlər. Təkcə onu demək kifayətdir ki, Azərbaycanda
100-dən çox İtaliya investisiyalı kommersiya qurumu sənaye, kənd
təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət və digər sahələrdə
fəaliyyət göstərir. Ölkələrimizin enerji sahəsində əməkdaşlığı da
yüksək səviyyədədir. İtaliya Azərbaycandan xam neft və neft
məhsullarının ixracında ən iri ticarət tərəfdaşına çevrilib. Cənub
Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru
kəməri (TAP) ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji
təhlükəsizliyini möhkəmləndirən vacib amildir.

Vüqar Rəhimzadə vurğulayıb ki, diplomatik əlaqələrin
yaradılmasından ötən müddət ərzində münasibətlərin güclənməsinə
istiqamətlənmiş strateji tərəfdaşlıq siyasəti Azərbaycan və İtaliya
xalqlarının dostluq əlaqələrini möhkəmləndirməyə imkan verir.
Tərəflər arasında qarşılıqlı faydalı əməkdaşlığın mövcudluğu, eyni
zamanda, bir çox sahələrdə intensiv əlaqələrin inkişafı
Azərbaycan-İtaliya münasibətlərinin xarakterinə müsbət təsir
göstərir. Azərbaycan və İtaliya Prezidentlərinin təkbətək və geniş
tərkibdə görüşlərində “Sizin səfərinizə biz çox böyük əhəmiyyət
veririk. Bu, İtaliya ilə Azərbaycan arasındakı dostluq, tərəfdaşlıq
əlaqələrinin təzahürüdür” söyləyən cənab İlham Əliyev bu məqamı
xüsusi qeyd etdi ki, hazırda təhsil sektorunu da əhatə edən
əməkdaşlıq doğrudan da strateji əhəmiyyət daşıyır. Oktyabrın 1-də
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ölkəmizdə
rəsmi səfərdə olan İtaliya Prezidenti Sercio Mattarella Bakıda
İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının
açılışında iştirak etdilər. İtaliya-Azərbaycan Universitetinin
açılışı dostluğumuzu daha da möhkəmləndirəcək.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycan-İtaliya
münasibətləri hazırda yeni inkişaf mərhələsini yaşayır və İtaliya
Prezidenti Sercio Mattarellanın səfəri strateji tərəfdaşlığa
əsaslanan əlaqələrimizi daha da möhkəmləndirəcək.