
Bakı.Trend:
Kirayə mənzil bazarında hazırda qiymət artımı, həmçinin azalması
müşahidə edilmir.
Bunu Trend-ə
açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə
Heyətinin sədri Vüqar Oruc bildirib.
O, qeyd edib ki, hazırda kirayə mənzil bazarında qiymətlər
sabitdir.
“Hər il Bakıda yerləşən universitetlərə qəbul olunduqdan sonra
tələbələrin əksəriyyəti burada ev axtarışında olurlar. Avqustun
sonu, sentyabrın əvvəlində kirayə mənzil sistemində çox ciddi
ajiotaj meydana gəlmişdi. Həm qiymət artımı, həm də kirayə mənzil
sayında məhdudluq ciddi narahatlığa səbəb olmuşdu”.
AQC-nin sədri bildirib ki, bir ay öncə müşahidə edilən kirayə
mənzil qıtlığı indi də davam etməkdədir:
Paytaxtda 1 otaqlı mənzillər 550-750 manat aralığında, mərkəz
hissələr də isə 1000 manata təklif olunur. 2 otaqlı mənzillər
800-900 manata təklif edilir. Köhnə və yeni tikililərdə yerləşən
kirayə mənzil qiymətləri arasında arasında fərq 20-25% təşkil
edir.
V.Oruc vurğulayıb ki, adətən iş adamları, tələbələr əşyalı
mənzil axtarışında olur. Ümumən vətəndaşlarımız əşyalı mənzillərə
üstünlük verirlər. Bunlara xalq arasında “gir yaşa” mənzillər də
deyilir.
“Otaq sayı artdıqca, kirayə qiymətləri artır. Lakin çoxotaqlı
mənzillərə tələbat azdır. Çünki kirayə mənzillərə daha çox
tələbələr və gəliri nisbətən az olan ailələr ehtiyac duyur və
onların maddi vəziyyətləri çoxotaqlı evin kirayə haqqını ödəməyə
imkan vermir. Böyük ailələr, xaricdən gələn investorlar, şirkət
rəhbərləri isə daha geniş, komfortlu mənzillərə üstünlük verirlər.
Bir otaq fərqi 150-200 manat artıq ödəniş etməyə səbəb olur”,- deyə
o əlavə edib.

