FTB: Şatdaun Amerikanın təhlükəsizliyini risk altına ata bilər

Baş səhifə
FTB: Şatdaun Amerikanın təhlükəsizliyini risk altına ata bilər

ABŞ federal hökumətinin hazırkı fəaliyyətinin qismən dayandırılması (şatdaun) Amerikanın təhlükəsizliyini risk altına ata bilər.

“Report” CNN-ə istinadən xəbər verir ki, bu barədə FTB Agentləri Assosiasiyasının üzvlərinə göndərdiyi mesajda xəbərdarlıq edilib.

“Şatdaun, ölkə misli görünməmiş miqyasda milli təhlükəsizlik və cinayət təhdidləri ilə üzləşdiyi bir vaxtda FTB-nin öz vəzifələrini yerinə yetirmə qabiliyyətini sarsıda bilər”, – CNN mətndən sitat gətirib.

Assosiasiya həmçinin xəbərdarlıq edib ki, əməliyyat resurslarının məhdudlaşdırılması istintaqlara, müşahidəyə, kriminal ekspertizaya və ştat, yerli və beynəlxalq hüquq-mühafizə orqanları ilə tərəfdaşlıqlara ciddi təsir göstərə bilər.

Təşkilatın rəhbərləri Konqresə məktub göndərərək şatdaun dövründə işləyən federal hüquq-mühafizə əməkdaşlarının əməkhaqqının saxlanılmamasını tələb ediblər. Onlar qeyd ediblər ki, maaşların gecikməsi agentlərin maliyyə sabitliyini təhdid edə və onların təhlükəsizlik icazəsini risk altına ata bilər.