
Bakı. Trend:
Azərbaycan Respublikasında səfərdə olan Polşa parlamentinin
Polşa-Azərbaycan parlamentlərarası əlaqələr qrupunun sədri
Pşemışlav Vitekin başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 30-da
Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil
Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini
ehtiramla yad edib, tər çiçəklər düzüb.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsinmdən məlumat verilib.
Bildirilib ki, sonra nümayəndə heyəti Şəhidlər xiyabanına
gələrək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə
canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla
anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsi
önünə əklil qoyub.
Bakının ən hündür nöqtəsindən şəhəri seyr edən qonaqlara
Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən
abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.
Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin Polşa ilə
parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sevinc
Fətəliyeva və digər rəsmi şəxslər müşayiət ediblər.

