MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva Gəncədə yaşayan tanınmış şair İnqilab İsaqla görüşüb.

Baş səhifə

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, Gəncədə yaşayan tanınmış şair İnqilab İsaqla görüşüb, onu 70 illik yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb.

İ.İsaqın Gəncə ədəbi mühitinin canlı tutulmasında uzunmüddətli səmərəli fəaliyyətini xatırladan Q.Paşayeva, ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyib. Komitə sədri İ.İsaqa xatirə hədiyyəsi və Təbrik məktubu təqdim edib.

Məktubda deyilir:
“Hörmətli İnqilab müəllim,
Sizi 70 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!

Siz 1953-cü ildə Daşkəsəndə anadan olmusunuz. 1974-cü ildə Gəncə Dövlət Universitetinin (o vaxtkı H.Zərdabi adına KDPİ-nin) Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirmisiniz.

Uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuş, o cümlədən ( o vaxtkı) Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında baş müəllim vəzifəsində çalışmışınız.

Siz ədəbi fəaliyyətə 80-ci illərin əvvəllərində başlamısınız. Göygöl (o vaxtkı Xanlar) rayonunun rəsmi qəzetində müxtəlif vəzifələrdə işləmisiniz; respublika mətbuatında məqalələriniz, oçerkləriniz çap olunub.

Sizin “Deməyə sözüm var” adlı ilk şeirlər kitabınız 1997-ci ildə gün üzü görüb; sonrakı illərdə “Aydan axan bulaq”, “Aləm cənnətə dönsə”, “Bir çəmənin çiçəkləri”, “Ümidə borclu dünya”, “Krik tişinı” (rus dilində; Moskva, “Promotey” nəşriyyatı), “Nərgizin nərgizləri”, “Savaş sevdası”, “İndi elə təkəm ki”, “Yuxuların şirin vaxtı” adlı kitablarınız dərc olunub.

Siz 2014-cü ildə Azərbaycan Prezidenti Təqaüd Fondunun təqaüdünə, 2015-ci ildə isə Beynəlxalq “Rəsul Rza” mükafatına layiq görülmüsünüz.

Əsərləriniz rus, ingilis, ukrayna, gürcü dillərinə, o cümlədən qardaş türkcələrə çevrilib. 2022-ci ildə Türkiyədə keçirilən XXI Uluslararası Poeziya Şöləninin iştirakçısı olmusunuz.

Əsərləriniz ardıcıl olaraq ədəbi orqanlarda – “Ədəbiyyat qəzeti”ndə, “Azərbaycan”, “Ulduz” və b. dərgilərdə yayınlanır. Bir sıra şeirlərinizə mahnılar, romanslar bəstələnib.

Sizi yubileyiniz və ədəbi uğurlarınızla bağlı bir daha təbrik edir, ən xoş arzularımı yetirirəm”!

İ.İsaq görüş və xoş sözlərə görə Komitə sədrinə təşəkkür edib, yeni kitabını onun üçün imzalayıb.
#MilliMeclis