Böyük İpək Yolunda Azərbaycanın rolu daha da güclənir – Vüsal Qasımlı

Baş səhifə

Bakı. Trend:

Azərbaycan bu gün regionda innovasiya və startap ekosistemi üçün
ən əlverişli mühit yaradan ölkələrdən biridir.

Trend xəbər
verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbəri olduğu qurumun
tabeliyində “Enterprise Azerbaijan” portalı tərəfindən keçirilən
“Startup School 3” layihəsi çərçivəsində “Yaşıl və Rəqəmsal İpək
Yolu” beynəlxalq akselerasiya proqramının “Demo-Day” tədbirində
deyib.

O bildirib ki, bu, təkcə indiki dövrün deyil, uzun illər ərzində
formalaşmış düşünülmüş inkişaf strategiyasının nəticəsidir:

“Ölkəmiz illərdir ki, böyük infrastruktur layihələrinin
icrasında öz sözünü deyib. Vaxtilə Ümummilli Lider Heydər Əliyevin
uzaqgörən strategiyası nəticəsində 1998-ci ildə “Əsrin
müqaviləsi”nin uğurla həyata keçirilməsi Azərbaycanın enerji
sektorunda böyük dönüş yaratdı. Daha sonra Xəzər dənizinin neft-qaz
ehtiyatlarından istifadəyə dair dərin düşünülmüş siyasət ölkəmizi
enerji ixracatçısı kimi dünyaya tanıtdı.
Qaz təchizatı infrastrukturu sayəsində Azərbaycanın ən böyük enerji
layihələri reallaşdı”.

İcraçı direktor vurğulayıb ki, Azərbaycanda son 20 ildə təkcə
avtomobil yollarının tikintisi sahəsində görülən işlər nəticəsində
20 min kilometrlik yol infrastrukturu yaradılıb, 1500 kilometrdən
çox yeni yol istifadəyə verilib. Onun sözlərinə görə, hazırda
fəaliyyət göstərən 9 beynəlxalq nəqliyyat dəhlizindən 3-ü
Azərbaycandan keçir: “Bu gün Azərbaycan Xəzər hövzəsində ən böyük
logistik imkanlara malik ölkədir və bölgənin ən inkişaf etmiş hava
nəqliyyatı infrastrukturuna sahibdir. Bütün bunlar Böyük İpək
Yolunda Azərbaycanın rolunu daha da gücləndirməkdədir.

Azərbaycanın uzunmüddətli fəaliyyəti nəticəsində Böyük İpək
Yolunun təkcə quru deyil, həm də dəniz marşrutları inkişaf
etdirilib. Hazırda biz bu yolun həm ən qısa, həm də ən səmərəli
istiqamətinə çevrilmişik”.

V. Qasımlı bildirib ki, Azərbaycanın təşəbbüsü ilə Mərkəzi Asiya
ölkələri ilə əlaqələrin genişlənməsi və regionun yaşıl enerji
layihələrinə inteqrasiya olunması istiqamətində də ciddi addımlar
atılır:




“Beləliklə, son 30 ildə Böyük İpək Yolunun mahiyyəti təkcə
karvan yolları ilə deyil, həm də neft, qaz, dəmir yolu, avtomobil
yolu, logistika, rəqəmsal infrastruktur və “yaşıl enerji” xəttində
genişlənərək tamamilə yeni məzmun alıb.

Bu siyasətin məntiqi davamı olaraq biz Böyük İpək Yolu üzərində
texnologiya mərkəzi yaratmaq istiqamətində irəliləyirik. Çünki
bizim üçün Böyük İpək Yolu sadəcə ticarət yolu deyil. O,
mədəniyyətlərin qovuşduğu, dəyərlərin paylaşıldığı, iqtisadi
əməkdaşlıqla yanaşı, mənəvi və sosial əlaqələrin formalaşdığı böyük
bir məkandır”.

İcraçı direktor qeyd edib ki, bu səbəbdən Böyük İpək Yolu
startap ekosistemi üçün ideal platformaya çevrilib:

“Azərbaycanın təşəbbüsü ilə təşkil olunan startap proqramında bu
il 130 startap iştirak edir. Onlar müxtəlif mərhələlərdən keçib
yarışmalara qatılıblar. Bu dəfə yalnız yerli deyil, Türkiyə,
Pakistan və digər ölkələrin startapları da layihədə yer
alıblar.

Layihəyə ABŞ-nin Nevada Universiteti, İstanbul Universiteti,
Almaniyanın Süni İntellekt Mərkəzi və digər nüfuzlu qurumlar dəstək
verir. Bu, təşəbbüsün beynəlxalq səviyyədə nə qədər böyük rezonans
doğurduğunu göstərir”.

“Bizim inkişaf strategiyamızın qarşısında duran əsas məqsəd
iqtisadiyyatın daha dayanıqlı, daha davamlı, innovasiya əsaslı və
perspektivli olmasını təmin etməyi hədəfləməkdir. Bunun üçün isə
insan kapitalının inkişafı xüsusi əhəmiyyət daşıyır.

Bu kontekstdə builki müsabiqədə iştirak edən bütün startapları
təbrik etmək istəyirəm. Çünki 130 startap arasından seçilərək ilk
30-a düşmək böyük nailiyyətdir”, – o əlavə edib.