Yeni Klinikada 800 mindən çox topuq testi müayinəsi aparılıb – TƏBİB

Baş səhifə

Bakı. Trend:

2025-ci ilin ilk 9 ayı ərzində Yeni Klinikanın Daban testi
otağında 847 644 topuq testi müayinəsi aparılıb.

Trend
xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, müayinələrdən keçən yeni doğulanların sayı 169
529 olub və onlardan 114-nün cavabı pozitiv çıxıb.

Nəticələrlə bağlı yeni doğulanların valideynləri aidiyyəti üzrə
tibb müəssisəsilərinə dəvət olunub. Aşkar edilən xəstəliklərə uyğun
olaraq onlara hansı ixtisaslı həkimə müraciət edilməsi barədə
məlumatlar verilib, maarifləndirmə işi həyata keçirilib.




Məlumat üçün bildirək ki, TƏBİB tabeli tibb müəssisələrində olan
doğum şöbələrində topuq testi üçün götürülən nümunələr laborator
müayinə üçün Yeni Klinikaya göndərilir. Burada olan xüsusi
laboratoriyada “Guthrie kartları” adlandırılan xüsusi filtr
kağızları üzərində 5 yerdə qeyd edilən qan nümunələrində
fenilketonuriya (amin turşularının metabolizminin pozulması),
qalaktozemiya (bədəndə artıq qalaktoza şəkərinin yığılması), kistik
fibroz (metabolizm prosesinin pozulması), adrenogenetal sindromu
(böyrəküstü vəzilərin irsi xəstəliyi) və hipotireoz (qalxanabənzər
vəzinin funksiyasının zəifləməsi) xəstəliklərinin izləri axtarılır.
Bu prosesdə iştirak edən mütəxəsislər xüsusi təlimlərdən keçən və
ixtisaslaşmış peşəkarlardır.

Topuq testi yenidoğulmuşların topuq nahiyəsindən qan nümunəsi
götürülməklə həyata keçirilir. Qan nümunəsi vaxtında doğulan və
qidalanmağa başlayan uşaqlardan doğuşdan 2 gün sonra, vaxtından tez
doğulan uşaqlardan isə 1 həftə sonra götürülür.

Qeyd edək ki, topuq testi nümunələrinin götürülməsi, eləcə də
sözügedən xəstəliklərin müayinə və müalicəsi icbari tibbi
sığortanın Xidmətlər Zərfi çərçivəsində dövlət tibb müəssisələrində
həyata keçirilir.