
Bakı. Trend:
“Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu” (TRIPP) adlı
multimodal tranzit marşrutu tədricən ideyadan praktiki icra
mərhələsinə keçir.
Bu barədə ABŞ, Ermənistan və Azərbaycanın Ağ Evdə keçirilmiş
sülh sammitinin birinci ildönümü ilə bağlı birgə bəyanatında
bildirilib.
“Multimodal tranzit marşrutu olan ‘Beynəlxalq sülh və rifah
naminə Tramp Marşrutu’ (TRIPP) infrastrukturun inkişafına rəhbərlik
edəcək TRIPP Development Company şirkətinin yaradılması ilə bağlı
ABŞ və Ermənistan arasında əldə olunan razılaşma da daxil olmaqla,
konkret irəliləyişlər sayəsində ideyadan reallığa çevrilir”, – deyə
bəyanatda qeyd olunub.
Bildirilib ki, Ermənistanda artıq mühəndis-axtarış işləri
aparılır. Azərbaycan isə öz ərazisində Ermənistan ərazisində TRIPP
marşrutuna birləşəcək avtomobil və dəmir yollarının tikintisini
demək olar ki, başa çatdırıb.
Bundan əlavə, ABŞ, Ermənistan və Azərbaycan TRIPP marşrutu
boyunca elektrik verilişi xəttinin tikintisini də dəstəkləyir.
Bəyanatda həmçinin qeyd olunub ki, ABŞ Cənubi Qafqaz və Mərkəzi
Asiyada Transxəzər Ticarət Marşrutuna, yaxud Orta Dəhlizə özəl
sektor investisiyalarının cəlb edilməsi məqsədilə Transxəzər
Marşrutu üzrə Sahibkarlıq Fonduna 201 milyon dollar ayırıb.

