
Bakı. Trend:
Bir il əvvəl Vaşinqtonda əldə olunan razılaşmanın ardınca
Azərbaycan, Ermənistan və ABŞ-nin yaydığı Birgə Bəyanat sülh
prosesində ötən 12 ayın yekunlarını ortaya qoyub. Sənəddə yalnız
bir il əvvəl əldə olunan razılaşmalar xatırlanmır, eyni zamanda
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması,
yeni nəqliyyat bağlantılarının formalaşması və regionda iqtisadi
əməkdaşlıq üçün atılan konkret addımlar sadalanır.
Bu baxımdan bəyanatın əsas əhəmiyyəti onun siyasi mesajından
daha çox, bir il ərzində əldə olunan praktiki nəticələri ortaya
qoymasıdır. Vaşinqtonda başlayan proses artıq yalnız diplomatik
danışıqlar çərçivəsində qalmayıb, Cənubi Qafqazın iqtisadi və
nəqliyyat xəritəsinə təsir edən real layihələrə çevrilməyə
başlayıb.
Bunu Trend-ə
politoloq Azər Qarayev deyib.
“Bir il əvvəl Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və
Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə əldə olunan
razılaşmalar uzun illər davam edən münaqişənin siyasi baxımdan
bitirilməsi istiqamətində mühüm mərhələ yaratdı. Birgə Bəyanat
göstərir ki, həmin gündən sonra əsas diqqət artıq sülhün
nəticələrinin necə möhkəmləndiriləcəyinə yönəlib. Azərbaycan və
Ermənistan sərhədində sabitliyin qorunması, münasibətlərin
normallaşdırılması və sərhədlərin delimitasiyası istiqamətində
atılan addımlar bunun əsas göstəricilərindəndir”, – o bildirib.
Onun sözlərinə görə, ən mühüm dəyişikliklərdən biri də iki ölkə
arasında iqtisadi əlaqələrin formalaşmağa başlamasıdır.
“Bəyanata əsasən, ötən bir il ərzində Azərbaycan ərazisindən
Ermənistana və Ermənistandan təxminən 60 min ton yük daşınıb,
Ermənistan isə Azərbaycandan 20 min ton neft məhsulu alıb. Bu
rəqəmlər ilk baxışdan böyük görünməyə bilər. Lakin uzun illər bağlı
qalan iqtisadi və nəqliyyat əlaqələri fonunda onların siyasi
əhəmiyyəti daha böyükdür. Çünki sülhün davamlı olması üçün siyasi
razılaşmaların gündəlik iqtisadi münasibətlərə çevrilməsi
lazımdır”, – o bildirib.
A.Qarayev qeyd edib ki, Birgə Bəyanatda xüsusi diqqət çəkən
məqamTRIPP-in reallaşdırılması istiqamətində görülən işlərdir.
“Bu layihə Azərbaycan və Ermənistan arasında bağlantının
bərpasından daha geniş məna daşıyır. Marşrutun yaradılması Cənubi
Qafqazın nəqliyyat xəritəsini dəyişdirə, Azərbaycan üzərindən keçən
regional bağlantıları gücləndirə və Ermənistanı da yeni tranzit
imkanlarına çıxara bilər. Bəyanatda Ermənistan ərazisində
mühəndis-tədqiqat işlərinin aparıldığı, Azərbaycanın isə öz
ərazisində Ermənistanla birləşəcək avtomobil və dəmir yolunun
tikintisini demək olar ki, başa çatdırdığı qeyd olunur. Bu isə bir
il əvvəl siyasi sənəddə təsbit olunan ideyanın artıq infrastruktur
layihəsinə çevrildiyini göstərir. TRIPP-in əhəmiyyəti yalnız
Azərbaycan və Ermənistanla məhdudlaşmır. Layihə Orta Dəhlizlə
əlaqələndikdə Cənubi Qafqazı Mərkəzi Asiya ilə Avropa arasında daha
sıx bağlayan marşrutlardan birinə çevrilə bilər”, – politoloq
bildirib.
Politoloq vurğulayıb ki, ötən ilin daha bir mühüm nəticəsi
ABŞ-nin regiondakı rolunun dəyişməsidir. Vaşinqton artıq yalnız
siyasi vasitəçi kimi deyil, regional iqtisadi layihələrə və
bağlantılara dəstək verən tərəf kimi çıxış edir.
“Birgə Bəyanatda ABŞ-nin Transxəzər Sahibkarlıq Fonduna 201
milyon dollar ayırdığı bildirilir. Bu vəsaitin Orta Dəhliz boyunca
özəl sektor investisiyalarının cəlb edilməsinə yönəldilməsi
Vaşinqtonun Cənubi Qafqaz və Mərkəzi Asiyanın iqtisadi potensialına
daha böyük maraq göstərdiyini ortaya qoyur. Azərbaycan üçün bu
proses xüsusilə əhəmiyyətlidir. Çünki ölkə son illərdə Şərq-Qərb və
Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən əsas
regional logistika mərkəzlərindən birinə çevrilmək istiqamətində
ciddi infrastruktur qurub. Ermənistanla bağlantının bərpası isə bu
imkanları daha da genişləndirə bilər”, – A.Qarayev bildirib.
Onun sözlərinə görə, Birgə Bəyanatın ən mühüm mesajlarından biri
də sülhün artıq yalnız münaqişənin olmaması kimi deyil, iqtisadi
imkanların yaranması kimi qiymətləndirilməsidir.
“Azərbaycanın Ermənistanla bağlı tranzit məhdudiyyətlərini
birtərəfli qaydada aradan qaldırması və qarşılıqlı yük
daşımalarının başlaması bunun ilk nümunələrindəndir.
Telekommunikasiya operatorları arasında imzalanan internet sazişi
də münasibətlərin yalnız nəqliyyat və ticarətlə məhdudlaşmadığını
göstərir. Beləliklə, son bir ildə Azərbaycan-Ermənistan
münasibətlərində yeni mərhələnin konturları formalaşıb. Sərhəddə
sabitlik, nəqliyyat bağlantılarının bərpası, ticarət və enerji
əməkdaşlığı, telekommunikasiya əlaqələri – bütün bunlar sülhün
institusional və iqtisadi dayaqlarını yaradır”, – o bildirib.
A.Qarayev qeyd edib ki, bununla belə, bir il ərzində əldə olunan
nəticələr son nöqtə deyil. Əksinə, indi daha çətin mərhələ başlayır
– əldə olunan razılaşmaların tam və davamlı şəkildə həyata
keçirilməsi.
“Birgə Bəyanatın sonunda ABŞ, Azərbaycan və Ermənistanın
ölkələrin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına dəstəyi
bir daha təsdiqləməsi də məhz bu baxımdan əhəmiyyətlidir. Çünki
davamlı sülh yalnız siyasi iradə ilə deyil, qarşılıqlı etimadın və
praktiki əməkdaşlığın uzunmüddətli mexanizmlərlə möhkəmləndirilməsi
ilə mümkündür.
Bir il əvvəl Vaşinqtonda əsas məsələ uzunmüddətli münaqişənin
siyasi həllinə yol açmaq idisə, bu gün gündəmdə həmin sülhün
regiona real iqtisadi fayda gətirməsidir. 60 min ton yük daşınması,
enerji və telekommunikasiya əlaqələrinin qurulması, TRIPP-in
reallaşdırılması istiqamətində işlər və Orta Dəhlizə yeni
investisiyaların cəlb edilməsi göstərir ki, sülh artıq təkcə
diplomatik sənədlərin mövzusu deyil.
Əsl nəticə də məhz burada ortaya çıxır. Cənubi Qafqazda
onilliklər davam edən qarşıdurmanın yerini tədricən bağlantı,
ticarət və əməkdaşlıq gündəliyi tutur. Əgər bu proses ardıcıl
şəkildə davam etdirilərsə, Vaşinqtonda bir il əvvəl atılan addım
yalnız Azərbaycan-Ermənistan münasibətlərinin tarixində deyil,
bütövlükdə regionun iqtisadi inkişafında dönüş nöqtəsi kimi
qiymətləndirilə bilər”, – politoloq əlavə edib.

