
Bakı. Trend:
ABŞ administrasiyası İrana qarşı misli görünməmiş “iqtisadi
müharibə və təcrid”ə başlayır.
Bu barədə ABŞ prezidenti Donald Tramp Truth Social
platformasında paylaşım edib.
“Heç kim İran İslam Respublikasına saziş bağlamaq üçün mənim
verdiyimdən daha böyük imkan yaratmayıb. Təəssüflər olsun ki, onlar
bu imkandan istifadə edə bilmədilər. Buna görə də bu gün hər hansı
bir ölkəyə qarşı indiyədək həyata keçirilmiş ən sərt iqtisadi
əməliyyatı elan edirəm! Bu, misli görünməmiş miqyasda iqtisadi
müharibə və təcrid olacaq.
Onların hərbi-dəniz qüvvələri artıq yoxdur, hərbi-hava qüvvələri
məhv edilib, hərbi zavodları xarabalığa çevrilib, valyutaları
dəyərsizdir və ölkələri bir tükdən asılı vəziyyətdədir.
Bu gün həmçinin elan edirəm ki, maliyyə qurumları, şirkətləri,
hava limanları və ya dövlət strukturları İrana hər hansı formada
dəstək verən istənilən ölkə özü də nəhəng iqtisadi nəticələrlə
üzləşəcək.
Neft qaçaqmalçılığı, svop xətləri, nağd pul köçürmələri, valyuta
mübadiləsi məntəqələri, gəmi reyestrləri, muzdlu şirkətlər — bütün
bunlar indi dayandırılmalıdır. Kimin nəzərdə tutulduğunu özünüz
bilirsiniz.
Bütün müttəfiqlərimizin İran təhlükəsini təcrid etmək və məğlub
etmək üçün Amerika Birləşmiş Ştatlarının yanında dayanmasına
ehtiyacımız var.
Onlar küncə sıxışdırılıblar və bu tarixi tədbirlər onları və
terroru bütün dünyaya yaymaq imkanlarını iflic edəcək.
İran heç vaxt nüvə silahına sahib olmayacaq”, — deyə dövlət
başcısı yazıb.

