Avropada “Patriot” raketlərinin ehtiyatı kritik səviyyəyə enib

Baş səhifə

Bakı. Trend:

ABŞ-ın Avropadakı hərbi qüvvələri “Patriot” hava hücumundan
müdafiə sistemləri üçün müasir raketlərin çatışmazlığı ilə üzləşib.
Mövcud vəziyyət raket ehtiyatlarının “son dərəcə kritik” həddə
çatdığını göstərir.

“Associated Press”in mənbələrə istinadən yaydığı məlumata görə,
bu vəziyyət NATO ölkələrinin potensial təhlükələr qarşısında
müdafiə imkanları ilə bağlı ciddi narahatlıq yaradıb.

ABŞ rəsmilərindən birinin sözlərinə görə, əsas problem Rusiya
istehsalı ballistik raketlərinin qarşısını almaq qabiliyyətinə
malik “Patriot” raketlərinin kifayət qədər olmamasıdır. NATO
nümayəndəsi də ABŞ və Alyans qüvvələrinin Avropadakı bu tip raket
ehtiyatlarının aşağı səviyyədə olduğunu təsdiqləyib.




AP bildirir ki, ABŞ-ın Avropada yerləşən qüvvələrinin
uzunmüddətli ballistik raket hücumlarına qarşı müdafiəni təmin
etmək üçün yetərli sayda “Patriot” raketi yoxdur.

Məlumata əsasən, hətta ayrı-ayrı raket hücumlarına və ya
trayektoriyasından təsadüfən yayınan raketlərə qarşı müdafiə
imkanları belə hazırda “çox məhdud” olaraq qiymətləndirilir.