TAP Avropaya 62 milyard kubmetrdən çox təbii qaz nəql edib

Baş səhifə

Bakı.Trend:

Transadriatik qaz kəməri (TAP) bu günədək Avropaya 62 milyard
kubmetrdən çox təbii qaz nəql edib.

Bunu TAP AG şirkətinin xarici əlaqələr şöbəsinin rəhbəri Vüqar
Veysəlov Vyanada Enerji Birliyi tərəfindən təşkil olunan 21-ci Qaz
Forumunda deyib.

Veysəlov TAP-ın Xəzər regionundan qaz tədarükünü Avropa
bazarları ilə birləşdirən və regionda transsərhəd qaz nəqlini təmin
edən dövlətlərarası qaz interkonnektoru kimi strateji rolunu
vurğulayıb.

“Avropada qaz axınlarının dinamikası dəyişdikcə, transsərhəd
interkonnektorların əhəmiyyəti daha da artır. Çünki onlar
bazarların əlaqələndirilməsini, şaxələndirilmiş tədarük mənbələrinə
çıxışı təmin edir və Avropanın enerji sisteminin dayanıqlığını
artırır. Bazarın tələblərinə uyğun olaraq TAP-ın ötürücülük gücünün
bu yaxınlarda ildə daha 1,2 milyard kubmetr artırılması regionda
təchizat təhlükəsizliyinin möhkəmləndirilməsinə əlavə töhfə verə
bilər”, – deyə Veysəlov bildirib.




Onun sözlərinə görə, TAP Xəzər qazı ilə Avropa bazarları
arasında strateji həlqə kimi rolunu gücləndirməkdə və Avropanın
uzunmüddətli enerji təchizatı təhlükəsizliyinə töhfə verməkdə davam
edir.

Qeyd edək ki, TAP Cənub Qaz Dəhlizinin Avropa seqmentidir və
Xəzər dənizində yerləşən Azərbaycanın “Şahdəniz” yatağından hasil
olunan təbii qazı Avropa bazarlarına nəql edir. Uzunluğu təxminən
878 kilometr olan qaz kəməri Yunanıstan-Türkiyə sərhədində TANAP-a
birləşir, Yunanıstan və Albaniyadan keçir, Adriatik dənizini
kəsərək İtaliyanın cənubunda quruya çıxır.

TAP-ın ilkin ötürücülük qabiliyyəti ilə təxminən 10 milyard
kubmetr təşkil edir və bazar tələbi, eləcə də tənzimləyici
qurumların razılığı olduğu təqdirdə bu həcmin ildə 20 milyard
kubmetrə qədər artırılması mümkündür.

2021-ci ildə TAP üzrə keçirilmiş bazar testinin nəticələrinə
əsasən, 2026-cı ilin yanvarından etibarən qaz kəmərinin illik
ötürücülük gücü əlavə 1,2 milyard kubmetr artırılıb. Bunun 1,04
milyard kubmetri İtaliya, 0,16 milyard kubmetri isə Albaniya üçün
nəzərdə tutulub.