Taksi sürücüləri üçün sığorta haqqının artırılmasının səbəbini açıqladı

Baş səhifə

Bakı. Trend:

Mərkəzi Bank sığorta bazarının davamlı və dayanıqlı inkişafı,
sığorta xidmətlərinin istehlakçılarına qarşı ədalətli rəftarın
gücləndirilməsi, sığorta xidmətlərinə ictimai etimadın
gücləndirilməsi məqsədilə fəaliyyətlərini davam etdirir. Həyata
keçirilən islahatlar çərçivəsində atılan addımlardan biri də
avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari
sığortası növü (avto-icbari sığorta) üzrə sığorta haqlarının
müəyyən olunması mexanizmlərinin təkmilləşdirilməsidir.

Avto-icbari sığorta növü üzrə sığorta haqları avtonəqliyyat
vasitəsinin istismarı zamanı üçüncü şəxslərin əmlakına və səhhətinə
zərər vurma ehtimallarını əhatə edən risk amillərinə əsaslanan
əmsallar tətbiq olunmaqla müəyyən olunur.

Təyinatı sərnişin daşımaları üçün müəyyən edilən taksi
avtonəqliyyat vasitələrinin mütəmadi və intensiv yol hərəkətində
istifadəsi bu sahədə hadisələrin başvermə tezliyinin yüksək olması
nəticəsində qəza riskinin artmasına səbəb olur. Aparılan təhlillər
şəxsi məqsədlərlə istifadə olunan avtonəqliyyat vasitələrinə
münasibətdə sərnişin daşımalarında istifadə olunan taksi
avtonəqliyyat vasitələrinin üçüncü şəxslərin əmlakına və səhhətinə
zərər vurma ehtimallarının yüksək olmasını göstərib.

Qeyd olunan amillər taksi fəaliyyətində istifadə olunan
nəqliyyat vasitələrinə münasibətdə xüsusi əmsalların tətbiq
edilməsi zərurətini yaradıb.




Təhlillərə və uğurlu beynəlxalq təcrübələrə əsaslanaraq təsdiq
edilmiş dəyişikliklər sərnişin daşımalarında istifadə olunan
avtonəqliyyat vasitələrinə münasibətdə fərqli risk əmsallarının
tətbiq olunmasını əhatələndirir.

Nəzərdə tutulan dəyişikliklər nəqliyyat vasitələri sahiblərinin
mülki məsuliyyətinin sığortasının risklərə daha adekvat şəkildə
müəyyənləşdirilməsinə, sürücülük intizamının artırılmasına və
üçüncü şəxslərin səhhətinə və əmlakına zərər dəyməsi zamanı təkmil
sığorta xidmətlərinin göstərməsinə, bütövlükdə isə sosial rifahın
sabitliyinin qorunmasına xidmət edir.

Xəbər yenilənəcək