
Bakı. Trend:
Azərbaycanın Dövlət Neft Fondunun (SOFAZ) xarici valyutada olan
aktivlərinin 2029-cu ilə qədər ölkənin xarici borcunu üstələyəcəyi
gözlənilir.
Bu barədə Trend
“S&P Global Ratings” agentliyinə istinadən xəbər verir.
“Azərbaycanın xarici balansı və xalis fiskal mövqeyi ölkənin ən
güclü kredit göstəriciləri sırasında qalmaqdadır. Bu, SOFAZ-da
toplanmış əhəmiyyətli valyuta aktivləri hesabına təmin olunur və
həmin aktivlərin 2029-cu ilə qədər xarici borcu üstələyəcəyi
gözlənilir. Bu ehtiyatlar xarici şoklara qarşı mühüm qoruyucu rol
oynayır”, – hesabatda qeyd olunur.
“S&P”-nin proqnozuna görə, dövlət sektorunun konsolidə
olunmuş xalis mövqeyi SOFAZ-da vəsaitlərin toplanmasının davam
etməsi və dövlət borcunun aşağı səviyyədə qalması hesabına 2028-ci
ilə qədər ÜDM-in 50 faizindən yuxarı səviyyədə qalacaq.
“Gözləntilərimizə görə, cari əməliyyatlar hesabı 2025–2028-ci
illərdə orta hesabla ÜDM-in təxminən 3 faizi səviyyəsində qalacaq
və karbohidrogen hasilatının sabitləşməsi, həmçinin investisiya
tələbatı ilə paralel idxalın artması fonunda 2028-ci ilə doğru
kiçik kəsirə keçəcək. Neftin baza qiyməti üzrə proqnozumuz 2026-cı
ildə bir barel üçün 60 dollar, 2027–2028-ci illərdə isə bir barel
üçün 65 dollar təşkil edir”, – hesabatda bildirilir.
Xəbər yenilənəcək

