
Daşkənd. Trend:
Son 20 ildə Bakıya 200 milyard dollardan çox investisiya
yatırılıb.
Trend-in xüsusi
müxbirinin verdiyi məlumata görə, bunu Bakı Şəhər İcra
Hakimiyyətinin başçısı Eldar Əzizov Daşkənddə keçirilən
Özbəkistan-Azərbaycan IV Regionlararası Forumunda çıxışı zamanı
deyib.
“Maraqlı məqam ondan ibarətdir ki, son 20 ildə şəhərə 200
milyard dollardan çox investisiya yatırılıb. Bu proses davam edir
və inkişaf edir”, – deyə E.Əzizov bildirib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin həyata
keçirdiyi siyasət sayəsində Bakı bir çox istiqamətlər üzrə intensiv
inkişafını davam etdirir və yeni inkişaf standartlarına hazırlaşır.
E.Əzizov qeyd edib ki, bu gün Bakı aqlomerasiya ilə birlikdə üç
milyondan çox sakini əhatə edir. Onun sözlərinə görə, şəhərdə
Heydər Əliyev Mərkəzi, Bakı Olimpiya Stadionu və “Alov qüllələri”
də daxil olmaqla, müasir memarlığın yeni nümunələri yaradılıb.
E.Əzizov vurğulayıb ki, Bakı təkcə inkişaf edən meqapolis deyil,
həm də şəhər infrastrukturuna investisiya yatırımları üçün
platformadır.
“Ən əsası isə şəhər təhlükəsizdir. Üstəlik, təhlükəsizlik yalnız
küçələrdə asayiş, təmizlik və hüquq-mühafizə sisteminin səmərəli
fəaliyyəti ilə təmin olunmur. Bakı həmçinin şəhər infrastrukturuna
investisiya yatırımları üçün təhlükəsiz şəhərdir”, – deyə o
bildirib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Özbəkistan biznes
nümayəndələrini Azərbaycanın paytaxtında birgə layihələrin həyata
keçirilməsinə dəvət edib.
“Şəhərimizdə, şəhər meydançalarımızda əməkdaşlığa dəvət edirik”,
– deyə E.Əzizov vurğulayıb.

