SOCAR istiqrazlarının bazardan çıxması REPO əməliyyatlarına təsir edib – BFB

Baş səhifə

Bakı. Trend:

SOCAR istiqrazlarının müvafiq buraxılışının bazardan çıxması
Azərbaycanda korporativ qiymətli kağızlarla aparılan REPO
əməliyyatlarının həcminin kəskin azalmasına səbəb olub.

Trend-in
tədbirdəki müxbirinin məlumatına görə, bunu Bakı Fond Birjasının
(BFB) maliyyə analitiki Nərmin Bayramlı BFB tərəfindən 2026-cı ilin
II rübü üzrə hazırlanan “Q2 2026: Azərbaycan və Qlobal
İqtisadiyyata və Kapital Bazarlarına Baxış” bülleteninin təqdimatı
zamanı deyib.

Onun sözlərinə görə, REPO əməliyyatlarında əsasən daha aşağı
riskli hesab edilən dövlət qiymətli kağızlarından istifadə olunur.
Əvvəlki dövrlərdə korporativ qiymətli kağızların REPO
əməliyyatlarındakı yüksək payı isə əsasən SOCAR istiqrazları ilə
aparılan əməliyyatlarla bağlı olub.

N.Bayramlı qeyd edib ki, SOCAR istiqrazlarının həmin
buraxılışının bazardan çıxması və bu qiymətli kağızlarla REPO
əməliyyatlarının davam etdirilməməsi korporativ qiymətli kağızlar
üzrə göstəricilərin əhəmiyyətli dərəcədə azalmasına gətirib
çıxarıb.

BFB rəsmisi ümumi REPO dövriyyəsinin azalmasında bank sektorunda
yüksək likvidliyin də rol oynadığını bildirib. Onun sözlərinə görə,
banklar REPO əməliyyatlarından əsasən qısamüddətli likvidlik
ehtiyaclarını qarşılamaq üçün istifadə edirlər. Bank sistemində
izafi likvidliyin mövcud olması isə bu alətə olan ehtiyacı
azaldır.

Qeyd edək ki, BFB-nin məlumatına əsasən, 2026-cı ilin ilk
yarısında korporativ qiymətli kağızların girov kimi istifadə
edildiyi REPO əməliyyatlarının həcmi 0,96 mlrd manat olub. 2025-ci
ilin eyni dövründə bu göstərici 11,85 mlrd manat təşkil edib.
Beləliklə, korporativ qiymətli kağızlarla REPO əməliyyatlarının
həcmi illik müqayisədə təxminən 91,9 faiz azalıb.

Eyni zamanda, dövlət istiqrazları əsasında həyata keçirilən REPO
əməliyyatlarının həcmi 19,25 mlrd manatdan 19,97 mlrd manata
yüksəlib. Nəticədə dövlət istiqrazlarının payı 2026-cı ilin ilk
yarısında ümumi REPO dövriyyəsinin təxminən 93 faizini təşkil
edib.




Ümumilikdə, hesabat dövründə Azərbaycanda REPO əməliyyatlarının
ümumi dövriyyəsi 21,57 mlrd manat olub. Bu, 2025-ci ilin ilk yarısı
ilə müqayisədə 30,9 faiz azdır.

N.Bayramlı həmçinin bank sektorunda likvidliyin artmasının
gələcəkdə yeni istiqraz emissiyalarını stimullaşdıra biləcəyini
bildirib.

“Bank və qiymətli kağızlar sektorlarını bir-birinə rəqib deyil,
bir-birini tamamlayan sektorlar kimi görürük. Bazarda azalma ola
bilər, amma biz bunu bazarın zəifləməsi kimi qiymətləndirmirik. Bu,
müxtəlif amillərdən, o cümlədən bazar iştirakçılarının öz
seçimlərindən asılı ola bilər”, – deyə o qeyd edib.

BFB-nin maliyyə analitiki bildirib ki, kapital bazarına təsir
edən amillər çoxsaylıdır və bazarın qiymətləndirilməsi zamanı
yalnız dövriyyənin artıb-azalmasına deyil, onun daxili
strukturundakı dəyişikliklərə də diqqət yetirilir.

“Biz daha çox bazarın daxili strukturunun necə dəyişdiyinə
baxırıq. Hansı istiqrazların buraxıldığı, hansı şərtlərlə emissiya
edildiyi, kupon faizlərinin nə qədər olduğu və hansı kupon
faizlərinin daha çox yayıldığı kimi məsələləri araşdırırıq”, – deyə
N.Bayramlı vurğulayıb.

Onun sözlərinə görə, ayrı-ayrı rüblərdə bazar göstəricilərində
artım və ya azalma həm qlobal, həm də yerli makroiqtisadi
vəziyyətlə bağlı ola bilər.