Bakı. Trend:
SOCAR 2025-ci ildə maliyyə dayanıqlılığını
gücləndirib
- Qlobal enerji bazarlarında qiymət dəyişkənliyi, geosiyasi
gərginliklər və iqtisadi qeyri-müəyyənliklər fonunda SOCAR 2025-ci
ili yüksək maliyyə göstəriciləri ilə başa vurub. Şirkət il ərzində
əməliyyat səmərəliliyini artıraraq maliyyə göstəricilərində
əhəmiyyətli irəliləyişə nail olub. - SOCAR strateji inkişaf prioritetlərinə uyğun olaraq beynəlxalq
aktivlər portfelini genişləndirib, enerji dəyər zəncirinin müxtəlif
seqmentlərində mövqeyini gücləndirib və investisiya imkanlarını
dəyərləndirərək yeni bazarlara açılıb. - Bununla yanaşı, xərclərin optimallaşdırılması, müəssisələr
arasında inteqrasiyanın gücləndirilməsi, maliyyə resurslarının
effektiv idarə olunması, eləcə də innovativ və rəqəmsal həllərin
tətbiqi əməliyyat səmərəliliyinin artırılmasına töhfə verib. - 2025-ci ilin maliyyə nəticələrində əsas diqqətçəkən məqam
mənfəət göstəricilərinin əhəmiyyətli dərəcədə yüksəlməsidir. - Gəlirlərin 1,9% artmasına baxmayaraq ümumi mənfəətin 70,5%,
əməliyyat mənfəətinin 80,1%, EBITDA-nın isə 26% yüksəlməsi
gəlirlilik və əməliyyat səmərəliliyi baxımından güclü nəticələri
əks etdirir. - Eyni zamanda, aktivlərin və kapitalın artması, uzunmüddətli
öhdəliklərin isə azalması 2025-ci ilin nəticələrini yalnız
mənfəətlilik baxımından deyil, balans göstəriciləri baxımından da
fərqləndirir. Bu dinamika SOCAR-ın cari fəaliyyətini uğurla davam
etdirməklə yanaşı, uzunmüddətli inkişaf və investisiya imkanlarını
dəstəkləyən maliyyə bazasını qoruduğunu göstərir. - Beləliklə, 2025-ci ilin nəticələri SOCAR üçün yalnız maliyyə
göstəricilərində artım ili deyil, eyni zamanda əməliyyat
səmərəliliyinin yüksəldilməsi, maliyyə dayanıqlılığının
gücləndirilməsi və beynəlxalq biznes portfelinin genişləndirilməsi
ilə xarakterizə olunan dövr olub.
Əsas maliyyə göstəriciləri
- 86,3 milyard AZN – gəlirlər
SOCAR-ın gəlirləri 2025-ci ildə 1,9% artaraq 84,7 milyard
manatdan 86,3 milyard manata yüksəlib.

- 12,61 milyard AZN – ümumi mənfəət
Ümumi mənfəət 70,5% artaraq 7,39 milyard manatdan 12,61 milyard
manata çatıb. Gəlirlərin 1,9% artdığı dövrdə mənfəətin bu səviyyədə
yüksəlməsi xərclərin optimallaşdırılması və daha səmərəli əməliyyat
fəaliyyətinin maliyyə nəticələrinə müsbət təsirini əks etdirir.

- 5,2 milyard AZN – əməliyyat mənfəəti
Əməliyyat mənfəəti 80,1% artıb. Bu dinamika şirkətin əsas
fəaliyyət istiqamətlərində əməliyyat səmərəliliyinin və
gəlirliliyin yüksəlməsini əks etdirir.
- 10,9 milyard AZN – EBITDA
Faizlər, vergilər və amortizasiyadan əvvəl mənfəət (EBITDA) 26%
artaraq 10,9 milyard manata çatıb. EBITDA-nın artımı SOCAR-ın əsas
biznes fəaliyyətindən mənfəət yaratmaq qabiliyyətinin gücləndiyini
göstərən mühüm göstəricidir.
- Təqribən 3 milyard AZN – xalis mənfəət
SOCAR 2025-ci ili təqribən 3 milyard manat xalis mənfəətlə başa
vurub.
- Ümumi mənfəət, əməliyyat mənfəəti və EBITDA üzrə müşahidə
olunan dinamika şirkətin maliyyə nəticələrinin yalnız gəlirlərin
artması hesabına deyil, həm də biznes dayanıqlılığının
gücləndirilməsi, müəssisələrin inteqrasiyalı fəaliyyəti,
idarəetmənin təkmilləşdirilməsi, texniki və kommersiya
əməliyyatlarının səmərəliliyinin artırılması, maliyyə resurslarının
daha rentabelli idarə olunması, innovativ həllər və rəqəmsal enerji
texnologiyalarının tətbiqi hesabına formalaşdığını göstərir.
Balans göstəricilərində müsbət dinamika
- 96,85 milyard AZN – ümumi aktivlər
SOCAR-ın ümumi aktivləri 2025-ci ildə 2,3% və ya 2,15 milyard
manat artaraq 96,85 milyard manata yüksəlib.
- 30,56 milyard AZN – cari aktivlər
Cari aktivlər 7,4% və ya 2,11 milyard manat artaraq 30,56
milyard manata çatıb.
- Şirkətin ümumi aktivləri ümumi öhdəliklərini 49,93 milyard
manat üstələyib.

- – 22,5% – uzunmüddətli öhdəliklər
Uzunmüddətli öhdəliklər 24,2 milyard manatdan 18,7 milyard
manata enib. Təxminən 5,5 milyard manatlıq azalma şirkətin
uzunmüddətli maliyyə yükünün azalmasına və maliyyə mövqeyinin
möhkəmlənməsinə töhfə verib.

- Təxminən 49,9 milyard AZN – cəmi kapital
Cəmi kapital 2025-ci ildə 2,6% artıb. 2021-2025-ci illər ərzində
isə SOCAR-ın cəmi kapitalında 2,2 dəfə artım qeydə alınıb.
- Aktivlərin və kapitalın artması ilə yanaşı, uzunmüddətli
öhdəliklərin azalması SOCAR-ın maliyyə dayanıqlılığını dəstəkləyən
əsas göstəricilər sırasındadır.

Beynəlxalq portfelin genişləndirilməsi
2025-ci ildə SOCAR maliyyə nəticələrini yaxşılaşdırmaqla yanaşı,
uzunmüddətli inkişaf strategiyasına uyğun olaraq investisiya
fəaliyyətini də davam etdirib.
İl ərzində şirkət enerji dəyər zəncirinin müxtəlif
istiqamətlərində mövqelərini gücləndirməyə, beynəlxalq aktivlər
portfelini şaxələndirməyə və yeni bazarlarda iştirakını
genişləndirməyə yönəlmiş bir sıra strateji addımlar atıb.
Əsas istiqamətlər sırasında:
- “Bahar” və “Qum-Dəniz” yataqlarında 80% iştirak payının əldə
edilməsi – “SOCAR-ın ölkə daxilində hasilat aktivləri portfelinin
genişləndirilməsi istiqamətində mühüm addımlardan biri olub; - İsrailin Aralıq dənizi hövzəsində yerləşən “Tamar” qaz
yatağında 10% effektiv iştirak payının əldə edilməsi – şirkətin
beynəlxalq “upstream” portfelinin və yeni coğrafiyalarda
iştirakının genişlənməsinə xidmət edib; - rəqəmsal infrastruktur və neft-kimya sahələrinə strateji
investisiyalar – biznesin texnoloji imkanlarının və uzunmüddətli
rəqabət qabiliyyətinin artırılmasına yönəlib; - qaz ixracının və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi
– SOCAR-ın regional və beynəlxalq enerji bazarlarındakı mövqeyinin
möhkəmləndirilməsini və gəlirlilik səviyyəsinin yüksəldilməsini
dəstəkləyib.
Bu addımlar SOCAR-ın yalnız cari maliyyə nəticələrinə deyil,
uzunmüddətli inkişafına, portfelin şaxələndirilməsinə və enerji
dəyər zəncirinin müxtəlif seqmentlərində iştirakının
genişləndirilməsinə yönəlmiş yanaşmasını əks etdirir.
2025-ci ilin ümumi maliyyə mənzərəsi
SOCAR-ın 2025-ci il nəticələrində üç əsas tendensiya önə
çıxır:
Daha yüksək mənfəət – gəlirlərin 1,9% artması
fonunda ümumi mənfəət 70,5%, əməliyyat mənfəəti 80,1%, EBITDA isə
26% yüksəlib.
Daha dayanıqlı maliyyə – aktivlər və ümumi
kapital artıb, uzunmüddətli öhdəliklər isə 22,5% azalıb.
Daha geniş biznes portfeli – şirkət Azərbaycan
və Türkiyədə əsas fəaliyyət istiqamətlərini inkişaf etdirməklə
yanaşı, beynəlxalq “upstream”, neft-kimya, enerji və rəqəmsal
infrastruktur sahələrində yeni investisiyalar həyata keçirib.
Bu göstəricilər 2025-ci ildə SOCAR-ın əməliyyat səmərəliliyinin
yüksəldilməsi ilə yanaşı, maliyyə dayanıqlılığının gücləndirilməsi
və uzunmüddətli inkişaf üçün biznes portfelinin genişləndirilməsi
istiqamətində fəaliyyətini uğurla davam etdirdiyini göstərir.

