Bolqarıstan Belçika və Niderlanddan 7 minaaxtaran gəmi alacaq

Baş səhifə

Bakı. Trend:

Bolqarıstan Qara dənizdə minaların zərərsizləşdirilməsi
imkanlarının gücləndirilməsi və NATO-nun gəmiçilik marşrutlarının
təhlükəsizliyinin təmin edilməsi istiqamətində səyləri çərçivəsində
Belçika və Niderlanddan yeddi minaaxtaran gəminin alınmasını
təsdiqləyib.

NATO-nun iyul ayında keçirilmiş sammitində Bolqarıstan Rumıniya
və Türkiyə ilə birlikdə Qara dənizdə üzən minaların
zərərsizləşdirilməsi ilə məşğul olan birgə operativ qrupun
fəaliyyət dairəsinin genişləndirilməsinə razılıq verib. Bu
çərçivədə kritik əhəmiyyətli infrastruktur obyektlərinin mühafizəsi
üzrə missiyalar da qrupun fəaliyyətinə daxil edilib.

Qara dəniz sahilində NATO-nun Gürcüstan, Rusiya və Ukrayna ilə
həmsərhəd olan üç üzvü üzən minaların yaratdığı təhlükəyə qarşı
mübarizə aparmaq məqsədilə 2024-cü ildə minatəmizləmə üzrə operativ
qrup yaradıb.




Çərşənbə günü parlamentin təsdiqlədiyi Niderlandla satış
müqaviləsinə əsasən, Bolqarıstan minaların və mina obyektlərinin
axtarışı və məhv edilməsi üçün avadanlıqla təchiz edilmiş üç gəmi
alacaq. Belçika, Niderland və Bolqarıstan arasında ayrıca
təhvil-təslim haqqında saziş isə daha 4 gəmini əhatə edir.

Niderland mülkiyyət hüququnun təhvil verilməsinə qədər üç
gəminin texniki imkanlarının bərpa edilməsini və döyüş hazırlığının
artırılmasını öz üzərinə götürüb. Bununla yanaşı, Bolqarıstan yeddi
gəminin hamısının NATO-nun döyüş hazırlığı standartlarına uyğun
vəziyyətə gətirilməsi üçün zəruri olan təmir və bərpa işlərinin
xərclərini ödəyəcək.