
Bakı. Trend:
2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft
sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci
ilin müvafiq dövrü ilə müqayisədə 18,3% artaraq 2,5 milyard ABŞ
dolları təşkil edib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
“İxrac icmalı”nın 2026-cı il üzrə avqust sayında bildirilib.
Cari ilin iyul ayında Azərbaycanın qeyri-neft sektoru üzrə
ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 faiz artaraq 384,8
milyon ABŞ dolları təşkil edib. Bu dövr ərzində yeyinti məhsulları
üzrə ixrac 123 milyon ABŞ dollarına bərabər olub. Qeyri-yeyinti
məhsullarının ixracı isə 26 faiz artaraq 261,8 milyon ABŞ dollarına
bərabər olub.
Cari ilin yanvar-iyul aylarında ixrac olunan şəkər ötən ilin
müvafiq dövrünə nəzərən 2,6 dəfə, pambıq ipliyi 81,9%, bitki və
heyvan mənşəli piylər və yağlar 39,5%, alüminium və ondan
hazırlanan məmulatlar 39,4%, pambıq lifi 24,9 %, qara metallar və
onlardan hazırlanan məmulatlar 23,3%, çay 19,5%, meyvə-tərəvəz
16,4%, spirtli və spirtsiz içkilər isə 3,0% artıb.
2026-cı ilin yanvar-iyul aylarında aqrar məhsullar üzrə ixrac
22,1% artaraq 673,4 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları
üzrə ixrac 24,8% artaraq 223,1 milyon ABŞ dolları təşkil edib.
Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 22,8%
artaraq 896,4 milyon ABŞ dollarına bərabər olub.
Qeyd olunan dövrdə (qeyri-monetar qızıl istisna olmaqla) ixrac
edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (239,4
milyon ABŞ dolları) birinci olub. Bu siyahıda tomat (172 milyon ABŞ
dolları) ikinci, mis filizləri və konsentratları (152 milyon ABŞ
dolları) isə üçüncü yerdə qərarlaşıb.
2026-cı ilin iyul ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna
aid malların siyahısında şaftalı, nektarinlər daxil olmaqla (46,8
milyon ABŞ dolları) birinci olub.Bu siyahıda qızıl (37,2 milyon ABŞ
dolları) ikinci, polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı
digər məhsullar (28,7 milyon ABŞ dolları) isə üçüncü yerdə
qərarlaşıb.
2026-cı ilin yanvar-iyul aylarında (qeyri-monetar qızıl istisna
olmaqla) Rusiya Federasiyasına 731,7 milyon ABŞ dolları, Türkiyəyə
390,6 milyon ABŞ dolları, Gürcüstana 328,1 milyon ABŞ dolları,
İsveçrəyə 251,6 milyon ABŞ dolları, Ukraynaya isə 85 milyon ABŞ
dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2026-cı ilin iyul ayında Rusiya Federasiyasına 135,5 milyon ABŞ
dolları, Gürcüstana 48,3 milyon ABŞ dolları, Türkiyəyə 39,8 milyon
ABŞ dolları, İsveçrəyə 37,7 milyon ABŞ dolları, İspaniyaya isə 19,6
milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac
edilib.
2026-cı ilin yanvar-iyul ayları üzrə hazırlanmış qeyri-dövlət
ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər
təmsil olunublar: “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited
Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Prime
Cotton” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “Baku Steel
Company” QSC, “Prime Export” MMC, “Tabaterra” MMC, “Vvest Stream”
MMC, “Agrarco” MMC, “Silk Way Aviaşirkəti” MMC və “Afa Export”
MMC.
Qeyri-neft sektoru üzrə (qeyri-monetar qızıl istisna olmaqla)
ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin
siyahısına Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar” İdarəsi başçılıq edir. Daha
sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “Azergold”
QSC, “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “Azərpambıq Aqrar
Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, “Azərenerji”
ASC, “Naxçıvan Enerji” MMC və “Socar Cape” MMC.
2026-cı ilin yanvar–iyun aylarında Azərbaycan Respublikasının
Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 35 ölkəsindən
olan 95-ə yaxın şirkətə telekommunikasiya xidmətləri göstərilib.
Yeni nəsil xidmət ixracı hesab edilən peyk telekommunikasiya
xidmətləri xidmət ixracının şaxələnməsi istiqamətində mühüm rola
malikdir.
2026-cı ilin yanvar–iyul aylarında Azərbaycan Respublikasının
Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 35 ölkəsindən
olan 95-ə yaxın şirkətə 15,2 milyon ABŞ dolları dəyərində
telekommunikasiya xidmətləri göstərilib. Bu dövr ərzində formalaşan
ümumi gəlirlərin 62 faizini ixrac əməliyyatları təşkil edib.
Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk
beşliyində 2,5 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 1,9 milyon
ABŞ dolları ilə Lüksemburq, 730,3 min ABŞ dolları ilə Türkiyə,
669,3 min ABŞ dolları ilə Pakistan və 382,5 min ABŞ dolları ilə
Misir qərarlaşıb.

