Bakı. Trend:
Səudiyyə Ərəbistanında keçirilən Beynəlxalq Şahin
Yetişdiriciləri Hərracında Kanada mənşəli şahin 346 min dollara
satılıb. Bu, builki hərracda indiyədək qeydə alınan ən yüksək
qiymət, tədbirin tarixində isə ikinci ən bahalı satış olub.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata əsasən, Ontario əyalətində yerləşən “Jim Wilson”
fermasında yetişdirilən, üçdə dörd hissəsi “gyr” cinsindən olan ağ
rəngli gənc şahin hərracın yeddinci günündə satışa çıxarılıb.
Hərrac Səudiyyə Ərəbistanının Milli Şahin Mərkəzi tərəfindən
paytaxt Ər-Riyaddan təxminən 65 kilometr şimalda yerləşən Malham
şəhərində təşkil olunur.
Kanada mənşəli şahin üçün ilkin qiymət 200 min Səudiyyə rialı
(53 min ABŞ dolları) müəyyən edilib. Gərgin mübarizədən sonra quş
1,3 milyon rial, yəni 346 min dollara satılıb.
Hərracda satılan şahinlər Səudiyyə Ərəbistanında keçirilən
məşhur şahin yarışlarında iştirak etmək hüququ qazanırlar. Yarış
mövsümündə ümumi mükafat fondu təxminən 12,5 milyon dollar təşkil
edir.

