
Bakı. Trend:
Qarabağ və Şərqi Zəngəzurun tamamilə minalardan təmizlənəcəyinə
ümid edirik.
Trend xəbər verir
ki, bunu Almaniyadan olan səyyah Torsten Salaske Füzuliyə səfəri
zamanı jurnalistlərə açıqlamasında bildirib.
“Biz hamımız sülhə və bu ərazilərin tamamilə minalardan
təmizlənəcəyinə ümid edirik. Bu, olduqca vacib və çətin bir işdir,
belə ki, o məhz burada yaşayan insanların həyat
təhlükəsizliklərinin təmin olunmasına yönəlib.”, -deyə o
bildirib.
Torstenin sözlərinə görə, minalardan təmizləmə prosesinin
izləmək onda böyük təəsürat yaradıb.
“Bu müharibə və gələcək barədə düşüncələrə dalmağa məcbur etdi.
Minaların zərərsizləşdirilməsi ilə məşğul olan hərkəsə, o cümlədən
hərbçilərə və mütəxəssislərə təşəkkürümü bildirmək istərdim”, –
deyə o bildirib.
Qeyd edək ki, səkkiz ölkədən olan səyahətçilər qrupuna “Extreme
Traveler International Congress” (ETIC – Beynəlxalq Ekstremal
Səyyahlar Konqresi) klubunun rəhbəri Kolya Sporin rəhbərlik
edir.
Nümayəndə heyəti Ağdam–Xankəndi–Laçın–Şuşa–Füzuli marşrutu üzrə
iki günlük avtomobil səyahəti planlaşdırır.
Azad olunmuş ərazilərin “black tourism” (qara turizm)
çərçivəsində tanıdılması və genişmiqyaslı tikinti və bərpa
işlərinin nümayiş etdirilməsi məqsədilə aparıcı beynəlxalq
səyahətçi klubları 2021–2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzur
bölgələrinə 14 səfər təşkil edib. Bu, artıq 15-ci belə
səfərdir.

