
Bakı.Trend:
14 yanvar 2026-cı il tarixində Pakistanın İslamabad şəhərində
“ASAN xidmət” mərkəzinin açılış mərasimi keçirilib.
Trend xəbər
verir ki, bu barədə “ASAN xidmət” məlumat yayıb.
Bildirilib ki, mərasimdə Pakistan İslam Respublikasının Baş
naziri Məhəmməd Şahbaz Şərif, Pakistan hökumətinin üzvləri,
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi
Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak ediblər.
Azərbaycanın intellektual brendi olan ASAN konsepsiyası əsasında
yaradılan mərkəz barədə məlumat verilib. Bildirilib ki, 2025-ci
ilin 10 sentyabr tarixində Pakistan İslam Respublikasının Baş
nazirinin iştirakı ilə “Azərbaycan Respublikası Hökuməti ilə
Pakistan İslam Respublikası Hökuməti arasında Pakistan İslam
Respublikasında “ASAN xidmət” təcrübəsinin tətbiqi istiqamətində
əməkdaşlığa dair Saziş” imzalanıb.
Prezident İlham Əliyevin tapşırığına əsasən Dövlət Agentliyi
tərəfindən “ASAN xidmət” təcrübəsinin Pakistanla paylaşılması
istiqamətində əməkdaşlıq həyata keçirilib. Mərkəzin qurulması
istiqamətində Pakistan tərəfinə zəruri dəstək göstərilib.
“Pakistan ASAN xidmət” mərkəzində ilkin mərhələdə 12 dövlət qurumu
tərəfindən 64 xidmətin həyata keçirilməsi planlaşdırılır.
Mərkəzdə “ASAN xidmət” standartları, ASAN könüllük proqramı və
ASAN-ın innovativ həlləri tətbiq edilir.
Mərkəzin girişində Azərbaycan–Pakistan dostluğunu əks etdirən
xüsusi guşə yaradılıb. Burada Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin iki ölkə arasındakı qardaşlıq münasibətlərini
vurğulayan sitatı da yer alır.
Mərkəzlə tanışlıqdan sonra Dövlət Agentliyinin sədri Ülvi
Mehdiyev “Pakistan ASAN xidmət” mərkəzinin gələcək inkişaf
konsepsiyası, innovativ həllər və Azərbaycanın DOST konsepsiyası
ilə bağlı Pakistan nümayəndə heyəti üçün təqdimat edib.
Baş nazir Məhəmməd Şahbaz Şərif “ASAN xidmət” modelinin
Pakistanda tətbiqinə göstərdiyi dəstəyə görə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü ifadə edib. O,
“ASAN xidmət”i dövlət xidmətlərinin göstərilməsində mütərəqqi və
innovativ bir model kimi qiymətləndirib və bu modelin Pakistanda
geniş şəkildə tətbiq olunacağını vurğulayıb.
Xatırladaq ki, 30 ölkə və beynəlxalq təşkilatla “ASAN xidmət”
modelinin ixracına dair müqavilə bağlanıb. Artıq 6 ölkədə –
İndoneziya, Özbəkistan, Efiopiya, Uqanda və Əfqanıstandan sonra
Pakistanda da “ASAN xidmət” modeli əsasında xidmət mərkəzləri
fəaliyyət göstərir.
Pakistan dünyanın ikinci ən böyük müsəlman ölkəsidir və bu
baxımdan “ASAN xidmət” modelinin burada tətbiqi həm strateji
tərəfdaşlıq baxımından, həm də eyni dəyərləri bölüşən ölkələr
arasında əməkdaşlığın güclənməsi baxımından xüsusi əhəmiyyət
daşıyır.
Açılış mərasimində Azərbaycan Respublikasının əmək və əhalinin
sosial müdafiəsi nazirinin müavini Anar Bayramov və ölkəmizin
Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov da
iştirak ediblər.

