Ombudsman Aparatında Zəfər Günü ilə bağlı tədbir təşkil olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Aparatında 8 Noyabr – Zəfər Günü ilə bağlı tədbir
təşkil olunub.

Trend xəbər verir ki,
tədbirdən əvvəl Ombudsman Səbinə Əliyeva və Aparatın kollektivi
Hərbi Memorial Kompleksini ziyarət edərək, şəhidlərin əziz
xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən Ombudsman Səbinə Əliyeva
xalqımızın birlik, iradə və yenilməzliyinin rəmzi olan 8 noyabr
tarixinin hər bir azərbaycanlının yaddaşına əbədi həkk olunduğunu
bildirib.

Müvəkkil Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin
rəhbərliyi, Ordumuzun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi
sayəsində Vətən müharibəsində əldə edilmiş şanlı Zəfər nəticəsində
torpaqlarımızın işğaldan azad olunduğunu, ölkəmizin ərazi
bütövlüyünün və suverenliyinin bərpa edildiyini diqqətə çatdırıb,
O, Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş
ərazilərimizdə bərpa-quruculuq layihələrinin uğurla həyata
keçirildiyini və keçmiş məcburi köçkünlərin öz yurdlarına
qayıdışının təmin olunduğunu qeyd edib.

Səbinə Əliyeva müharibə və postmüharibə dövründə Ermənistan
silahlı qüvvələrinin mülki əhaliyə qarşı törətdiyi müharibə
cinayətlərinin araşdırılması ilə bağlı Ombudsman tərəfindən
faktaraşdırıcı missiyaların həyata keçirildiyini, həmin
missiyaların nəticələri əsasında hazırlanmış hesabat, bəyanat və
müraciətlərin beynəlxalq təşkilatlara təqdim edildiyini diqqətə
çatdırıb. Müvəkkil təsisatın işğaldan azad olunmuş ərazilərdə insan
hüquqlarının təmininə, sosial rifahın bərpasına yönəlmiş
təşəbbüsləri davam etdirdiyini bildirib.




Daha sonra “Zəfər” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin
sədri Sevinc Alizadə Zəfər Gününün xalqımızın birlik və qəhrəmanlıq
rəmzi kimi gələcək nəsillərə örnək olduğunu qeyd edib, şəhid
ailələrinə göstərilən diqqət və qayğının dövlət siyasətinin
prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.

İkinci Qarabağ müharibəsinin iştirakçısı Mobil Əhmədzadə Vətən
müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin
rəhbərliyi altında Rəşadətli Azərbaycan ordusunun göstərdiyi
şücaətdən, müharibə iştirakçılarına və veteranlara dövlət
tərəfindən nümayiş olunan diqqət və qayğıdan, Vətən müharibəsi
dövründə Ombudsmanın hərbi qulluqçuların hüquqlarının müdafiəsi
istiqamətində həyata keçirdiyi fəaliyyətdən danışıb.

Ombudsman Aparatının əməkdaşı, Vətən müharibəsinin iştirakçısı
Samir Quliyev əldə olunan şanlı Zəfərin Müzəffər Ali Baş
Komandan,Prezident İlham Əliyevin rəhbərliyi altında qalib
Ordumuzun fədakarlığı, xalqımızın birliyi sayəsində mümkün olduğunu
bildirib.

Tədbir zamanı “Zəfər” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin
sədri Sevinc Alizadə və Ombudsman Aparatının bir qrup əməkdaşı
Ombudsman Səbinə Əliyeva tərəfindən “Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının 20 illiyi
(2002-2022)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif
olunub.