Bakı. Trend:
Ötən gün Nepalın Tibetlə sərhəd bölgəsində baş verən dağıdıcı
sel 157 nəfərin ölümünə səbəb olub. Daşqınlardan bir neçə saat
sonra Nepalın Mədəniyyət, Turizm və Mülki Aviasiya Nazirliyinin
məlumatına görə, 341-i əcnəbi olmaqla, 403 nəfər itkin düşüb. Nepal
Turizm İdarəsi isə “X” sosial şəbəkəsində yayımladığı ilkin
hesablamada 384 itkin turistin olduğunu bildirib.
İtkin düşən əcnəbilərin hansı ölkə vətəndaşları olduqları ilə
bağlı son məlumatlar dərc edilib:
Hindistan: Turizm idarəsinin məlumatına görə, itkin düşən 142
nəfər Hindistan vətəndaşıdır.
Ukrayna: Ukrayna Xarici İşlər Nazirliyi bildirib ki, Nepalın
turizm polisi 53 Ukrayna vətəndaşının itkin düşdüyünü hesab edir.
Nazirliyin məlumatına görə, Nepal hakimiyyəti xüsusilə 46 ukraynalı
turistdən ibarət qrupla əlaqəni itirib.
Avstraliya: Ölkənin baş naziri Entoni Albanizin bildirdiyinə
görə, 34 Avstraliya vətəndaşı itkin düşüb.
Malayziya: Nepal Turizm İdarəsinin məlumatına görə, itkin
düşənlərdən 17 nəfər Malayziyadandır. Malayziya Xarici İşlər
Nazirliyi isə bildirib ki, Katmandudakı səfirliyə turizm
agentlikləri tərəfindən Rasuva rayonunda, Çinlə sərhəddə 11
Malayziya vətəndaşı ilə əlaqənin itirildiyi barədə məlumat
verilib.
Böyük Britaniya: “Alpine Eco Trek” agentliyi ilə səyahət edən 12
Britaniya vətəndaşından hələlik xəbər yoxdur.
Cənubi Koreya: Cənubi Koreya rəsmiləri bildiriblər ki, Rasuva
rayonunda su elektrik stansiyasının tikintisində çalışan səkkiz
Cənubi Koreya vətəndaşından daşqınlardan sonra xəbər alınmayıb.
Cənubi Afrika: “Alpine Eco Trek” agentliyi ilə səyahət edən dörd
Cənubi Afrika vətəndaşı turistin itkin düşdüyü bildirilir.
ABŞ: Nepal Turizm İdarəsinin məlumatına görə, “Fishtail Tours &
Travels” şirkəti ilə səyahət edən üç ABŞ vətəndaşı itkin düşüb.
Portuqaliya: Portuqaliya Xarici İşlər Nazirliyi Agence
France-Presse agentliyinə bildirib ki, bir portuqaliyalı qadın
daşqınlar zamanı itkin düşüb. Nazirliyin nümayəndəsi dəqiqləşdirib:
“O, sərhəd-keçid məntəqəsinin Nepal tərəfində bir qrupun tərkibində
idi”.
Avstraliya: Avstraliyadan gələn və “Kathmandu Holiday Tours &
Travel” şirkəti ilə səyahət edən bir nəfərin itkin düşdüyü
bildirilir.
Niderland: Eyni agentliklə səyahət edən Niderland vətəndaşı
itkin düşüb.
İtaliya: İtaliya Xarici İşlər Nazirliyi bildirib ki, iki
italiyalı turist və onların bələdçisi torpaq sürüşməsinin yuxarı
hissəsində çətin vəziyyətdə qalıb, lakin onların xilas edilməsi
istiqamətində iş aparılır. Nazirlik hazırda Nepal və Tibetdə 90
İtaliya vətəndaşının olduğunu müəyyən edib, lakin onların sel
fəlakətindən zərər çəkib-çəkmədikləri hələlik məlum deyil.
Fransa Xarici İşlər Nazirliyinin məlumatına görə, 80 Fransa
vətəndaşı Nepalda olduqları barədə quruma məlumat verib. Həmçinin
Nepala səfər edən digər Fransa vətəndaşlarının da “zərər çəkmiş
ərazilərdə ola biləcəyi” istisna edilmir. Onların taleyi hələlik
məlum deyil.
Nepal Turizm İdarəsi bildirib ki, onlarla şəxsin vətəndaşlığı
hələ dəqiqləşdirilməlidir. Bundan əlavə, 93 Nepal vətəndaşı da
itkin düşmüş hesab olunur.
Qeyd edək ki, Himalay dağlarının mərkəzində yerləşən Nepal, ilk
növbədə Everest dağına qalxmaq istəyən dünyanın hər yerindən
yürüşçülər və alpinistlər üçün çox məşhur turizm məkanıdır.

