Bakı. Trend:
Xüsusi xidmətləri olan işçilərin əmək məzuniyyətinin müddəti ilə
bağlı qaydalarda dəyişiklik ediləcək.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər
komitəsinin bugünkü onlayn iclasında müzakirə olunan Əmək
Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini
tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün,
müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı
ilin 20 Yanvar hadisələri ilə, hərbi xidmət vəzifələrini (xidməti
vəzifələri) yerinə yetirməklə və ya Çernobıl AES-də hərbi xidmət
vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar
səbəblərdən əlilliyi olan işçilərə, Azərbaycan Respublikasının
ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak
etdiyinə görə müharibə veteranı adı almış işçilərə, döyüş
əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş
hərbi qulluqçu olmuş işçilərə, Azərbaycan Respublikasının azadlığı,
suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma,
kontuziya) almış işçilərə, Azərbaycan Respublikasının Vətən
Müharibəsi Qəhrəmanlarına, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet
İttifaqı Qəhrəmanlarına, Azərbaycan Respublikasının ən yüksək
təltifi ilə, İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının
suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət
təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim
günündən az olmayaraq veriləcək.
Mövcud qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının
azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət
(yaralanma, travma, kontuziya) alan işçilərə, Azərbaycan
Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına, Azərbaycanın Milli
Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illər
müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi
xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi
qulluqçulara, İstiqlal ordeni ilə, habelə Azərbaycan
Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə
bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə
məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir.

