Kosmetoloq Canlı Elnarə barəsində Baş Prokurorluğa müraciət edildi

Baş səhifə

Bakı. Trend:

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) lisenziya
olmadan özəl tibb (kosmetoloji) fəaliyyəti ilə məşğul olan fərdi
sahibkar Canlı Elnarə Fəxrəddin qızı barəsində Baş Prokurorluğa
müraciət edib.

Bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi məlumat
yayıb.

Bildirilib ki, kosmetoloji fəaliyyətlə məşğul olan fərdi
sahibkar Canlı Elnarə Fəxrəddin qızının fəaliyyəti ilə bağlı AEM-ə
daxil olmuş vətəndaş müraciətləri və mediada yayılan məlumatlar
əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq bir neçə dəfə
araşdırma və plandankənar yoxlama həyata keçirilib.

Belə ki, Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev
100, mənzil 2 ünvanında fəaliyyət göstərən fərdi sahibkar Canlı
Elnarə Fəxrəddin qızının lisenziya tələb olunan özəl tibb fəaliyyət
növünü müvafiq lisenziya olmadan həyata keçirməsi ilə bağlı
vətəndaş müraciəti əsasında AEM tərəfindən araşdırma aparılıb və
08.05.2025-ci il tarixində plandankənar yoxlama keçirilib. Yoxlama
zamanı Elnarə Canlının lisenziya olmadan özəl tibb fəaliyyəti
(kosmetoloji fəaliyyət) ilə məşğul olması müəyyən edilib.

Aşkar edilmiş hüquq pozuntusu ilə əlaqədar fərdi sahibkar
barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin
210.1-ci maddəsi ilə 08.05.2025-ci il tarixli, MN 2156869 nömrəli
inzibati xəta haqqında protokol tərtib edilərək, qanunvericiliyə
uyğun olaraq baxılması üçün aidiyyəti üzrə göndərilib.




Bundan əlavə, vətəndaş müraciəti və mediada yayılmış məlumatlar
əsasında həmin şəxsin fəaliyyəti ilə bağlı daha iki plandankənar
yoxlama keçirilib. Yoxlamalar nəticəsində inzibati məsuliyyət
yaradan pozuntular müəyyən edilib və Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi üzrə 22.12.2025-ci
il tarixli, MN 2406895 və 20.02.2026-cı il tarixli, MN 2407064
nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək
qanunvericiliyə uyğun olaraq növbəti icraata göndərilib.

Sonuncu yoxlama zamanı fərdi sahibkar Canlı Elnarə Fəxrəddin
qızının fəaliyyət ünvanı Bakı şəhəri, Yasamal rayonu, Salatın
Əsgərova küçəsi, ev 79, mənzil 8 olub.

AEM tərəfindən səlahiyyətləri çərçivəsində həyata keçirilmiş
yoxlamalar və tətbiq edilmiş inzibati tədbirlərə baxmayaraq, fərdi
sahibkarın lisenziya olmadan kosmetoloji fəaliyyətini davam
etdirməsi müəyyən edilib. Bununla əlaqədar onun fəaliyyətinin
dayandırılması istiqamətində əlavə hüquqi tədbirlərin görülməsi
məqsədilə Səhiyyə Nazirliyi tərəfindən 13 mart 2026-cı il tarixində
Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edilib.

Nazirliyin müraciətində lisenziya olmadan özəl tibbi fəaliyyətlə
(kosmetoloji fəaliyyət) məşğul olma faktına hüquqi qiymət verilməsi
və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi xahiş
olunub.

Beləliklə, qeyd olunan şəxsin fəaliyyəti ilə bağlı Səhiyyə
Nazirliyi və AEM tərəfindən qanunvericiliklə müəyyən edilmiş
səlahiyyətlər çərçivəsində zəruri tədbirlər görülüb və məsələ ilə
bağlı hüquq-mühafizə orqanına da müraciət edilib.