İstanbulda Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərində Xalq şairi Bəxtiyar Vahabzadənin
100 illik yubileyinə həsr olunan tədbirlər keçirilib.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat
verilib.

Bildirilib ki, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə
baş tutan tədbirlər “Xarıbülbül” Azərbaycan Mədəniyyət Birliyinin
şairin yubileyi münasibətilə hazırladığı ikigünlük layihə
çərçivəsində təşkil olunub.

Layihənin ilk günündə Bəxtiyar Vahabzadənin həyat və
yaradıcılığına həsr edilən “Axı dünya fırlanır” adlı panel iclası
olub. İclasda İstanbul Mədəniyyət Universitetinin müəllimi İsa
Kocakaplan, “Türk ədəbiyyatı” jurnalının baş redaktoru İmdat Avşar
və “Xarıbülbül” Azərbaycan Mədəniyyət Birliyinin rəhbəri Kəmalə
Kamal Cabbarovanın Bəxtiyar Vahabzadə ilə bağlı məruzələri
dinlənilib.




Həmçinin Hafiz Ataxanlının, Günel Karatepenin, Zeynəb Yalçının,
Sahil Nəzərovun birgə hazırladığı və Bəxtiyar Vahabzadəyə həsr
edilən “İstiqlal şairi” sənədli filminin premyerası olub. Filmin
musiqilərini Orxan Lətifzadə bəstələyib. Bundan başqa, şairin həyat
və yaradıcılığını əks etdirən sərgi açılıb.

Tədbirin bədii hissəsində aşıq Rəna Quliyevanın ifasında
Bəxtiyar Vahabzadənin şeirlərinə bəstələnən mahnı səsləndirilib.
Məktəbli Arvis Sadigov şairin “Azərbaycan-Türkiyə” şeirini
deyib.

Layihənin ikinci günündə isə birliyin nəzdində fəaliyyət
göstərən Cəfər Cabbarlı adına Türkiyə-Azərbaycan Teatrının görkəmli
şairin əsərləri əsasında hazırladığı “Yağışdan sonra” tamaşasının
premyerası olub. Tamaşa Azərbaycan Diasporuna Dəstək Fondunun
dəstəyi ilə səhnələşdirilib. Minə Bayrakerinin rejissorluğu ilə
ərsəyə gələn səhnə əsərində aktyorlar Neda Sözbir, Mehmet
Türkbeyler, Vüsalə Əsgərova, Maruf Demirtaş, Jale Çinar, Bülent
Altay, İbrahim Domruk, Murat Eren Dikbasan və Şamira Osmanova rol
alıb. Tamaşanın truppa rəhbəri Bəhram Afsal, musiqi tərtibatçısı
“Xarıbülbül” Azərbaycan Mədəniyyət Dərnəyinin musiqi bölməsinin
rəhbəri, müğənni-aktrisa Vüsalə Əsgərova, dekor tərtibatçısı Aylin
Axundova, səs tərtibatçısı isə Hilal Alp olub.