Lənkəran, Şirvan və Yevlaxda 535 güzəştli mənzil satılıb – BİRGƏ MƏLUMAT

Baş səhifə

Bakı. Trend:

Bu gün “Güzəştli mənzil” elektron sistemi vasitəsilə növbəti
mənzil seçimi uğurla başa çatıb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət
Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi
Dövlət Xidməti və Mənzil İnşaatı Dövlət Agentliyinin birgə
məlumatında bildirilib.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
tapşırıqlarına uyğun olaraq, vətəndaşlara elektron məkanda
göstərilən xidmətlərin əlçatanlığı, şəffaflığı və təhlükəsizliyi
istiqamətində növbəti yüksək nəticə əldə olunub.

04.09.2026-cı il tarixində Mənzil İnşaatı Dövlət Agentliyinin
layihələri – Lənkəran Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi
və Yevlax Yaşayış Kompleksində yerləşən ümumilikdə 535 mənzilin
“Güzəştli mənzil” sistemi vasitəsilə satışı uğurla həyata
keçirilib”, – deyə bildirilib.




Qeyd olunub ki, satış prosesinin tam təhlükəsiz, fasiləsiz və
bərabər şəraitdə həyata keçirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və
İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Mənzil İnşaatı Dövlət
Agentliyinin mütəxəssislərinin sıx, vahid və əlaqəli fəaliyyəti
sayəsində mümkün olmuşdur. Aidiyyəti dövlət qurumlarının
koordinasiyalı əməkdaşlığı və hər bir qurumun öz istiqaməti üzrə
göstərdiyi yüksək peşəkarlıq bu uğurun əsas təminatçısıdır.

“Bugünkü satış bir daha sübut etdi ki, Azərbaycan elektron
məkanda vətəndaşlara yönəlmiş keyfiyyətli, etibarlı və innovativ
xidmətlərin təqdim olunması sahəsində qabaqcıl ölkələrdən
biridir.

Mənzil İnşaatı Dövlət Agentliyi gələcəkdə də satış prosesinin
təkmilləşdirilməsi və şəffaflığın təmin edilməsi istiqamətində
yeniliklər tətbiq edəcəkdir.

Ölkəmizdə rəqəmsal xidmətlərin təhlükəsizliyinin ən yüksək
səviyyədə təmin olunması bundan sonra da davam etdiriləcəkdir”, –
deyə əlavə edilib.