
Bakı. Trend:
İyulun 4-də saat 16 radələrində Muğanlı–İsmayıllı avtomobil
yolunun İsmayıllı rayonu ərazisindən keçən 32-ci kilometrliyində
ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən xəbərə görə, Zaqatala
rayon sakini, 1974-cü il təvəllüdlü İlqar Süleymanovun idarə etdiyi
“Mercedes-Benz” markalı avtomobil Şamaxı rayonu istiqamətində
hərəkətdə olarkən körpünün orta hissəsində yerləşən beton maneəyə
çırpılıb.
Nəticədə sürücü İlqar Süleymanov və avtomobildə olan sərnişin,
1959-cu il təvəllüdlü Elmira Duxiyeva hadisə yerində həyatlarını
itiriblər.
İlkin araşdırmalar zamanı əldə olunan məlumatlara əsasən,
hadisənin sürücünün diqqətinin mobil telefona yönəlməsi nəticəsində
baş verdiyi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin diqqətinə
çatdırır ki, nəqliyyat vasitəsini idarə edərkən mobil telefondan
istifadə diqqətin yayınmasına, yol şəraitinin düzgün
qiymətləndirilməməsinə və ağır yol-nəqliyyat hadisələrinin baş
verməsinə səbəb olan ən ciddi risk amillərindən biridir: “Sükan
arxasında telefona baxdığınız cəmi bir neçə saniyə geri dönüşü
olmayan faciəyə səbəb ola bilər. Heç bir zəng, mesaj və ya bildiriş
insan həyatından daha dəyərli deyil. Sükan arxasında diqqətiniz
yalnız yolda olsun”.

