İran İsrail və ABŞ-nin regiondakı bazalarına geniş-miqyaslı hücum həyata keçirib

Baş səhifə

Bakı.Trend:

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə və
ABŞ-nin Yaxın Şərq regionu ölkələrindəki obyektlərinə hədəflənmiş
yeni ballistik raket və dron hücumu dalğası başlatdığını elan
edib.

Trend xəbər verir
ki, bu barədə İranın “Təsnim” xəbər agentliyi SEPAH-a istinadən
məlumat yayıb.

Məlumatlara görə, gün ərzində ABŞ və İsraillə aid radar
sistemlərinə, su nəqliyyat vasitələrinə və İsrailin əsas hərbi hava
bazasına ciddi zərbələr endirilib, eyni zamanda ABŞ-yə məxsus F-35
qırıcı təyyarəsinin məhv edildiyi qeyd olunur.

SEPAH-ın mətbuat xidməti açıqlamasında bildirib ki, cümə
səhərindən etibarən SEPAH-ın dəniz və hava qüvvələri “Doğru Vəd
Əməliyyatı 4”-ün 92-ci dalğasını həyata keçirərək, bölgədəki (BƏƏ,
Küveyt, Bəhreyn) və İsraildəki ABŞ terror qüvvələrinin radar
sistemləri və dəniz avadanlıqlarına qarşı sürətli hücumlar həyata
keçirib.

Açıqlamada deyilir ki, dəniz əməliyyatının başlanğıc
mərhələsində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinin Əl Şyux
limanında yerləşən ABŞ amfibiya desant gəmilərinin mərkəzi
ballistik raketlərlə vurulub.




SEPAH əlavə edib ki, cümə səhəri və gecə boyu davam edən
hücumların davamı olaraq, hava qüvvələri Haifa şəhərinin
cənub-şərqində yerləşən və İsrail F-16 qırıcı eskadronlarını qəbul
edən Ramat David Hava Bazasına iki ballistik raketi uğurla
buraxıb.

Hücumun digər mərhələsində, “atəşə qarşı atəş” taktikasının
davamı olaraq, SEPAH-ın “Xürrəmşəhr-4” çoxbaşlıqlı ballistik
raketlərini buraxaraq Tel-Əvivin mərkəzi və İsrailin digər
bölgələrində 50-dən çox hədəfi vurub.

Açıqlamada həmçinin qeyd edilib ki, ABŞ-nin yüksək texnologiyalı
“F-35 qırıcı təyyarəsi SEPAH-ın hava hücumundan müdafiə sistemləri
tərəfindən İranın mərkəzi səmasında hədəf alınaraq tamamilə məhv
edilib. Təyyarənin ABŞ-nin“Lakenheath “eskadronuna aid olduğu
bildirilib və SEPAH-ın məlumatına görə, bu, son 12 saat ərzində
vurulan ikinci təyyarə olub.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə
saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə
verir.