Erməni oliqarxları və kilsə sülh prosesinə mane olmağa çalışır

Baş səhifə

Yaxın günlərdə Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu ölkənin beynəlxalq nüfuzunun göstəricilərindən biridir.

Modern.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda keçirilən dəyirmi masada Milli Məclisin deputatı Fariz İsmayılzadə bildirib. 

O qeyd edib ki, bu forum BMT sistemi çərçivəsində keçirilən mühüm beynəlxalq tədbirdir və on minlərlə qonaq Azərbaycana gələcək. 

“Forum Azərbaycan üçün çox yaxşı fürsətdir ki, öz təcrübəsini dünya ilə bölüşsün. Xüsusilə azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, post-münaqişə zonalarında həyata keçirilən şəhərsalma layihələri bu baxımdan böyük maraq doğurur”.

Deputat vurğulayıb ki, Azərbaycan bu sahədə dünyada ən təcrübəli ölkələrdən birinə çevrilib:

“Hazırda dünyada Azərbaycanın təcrübəsinə sahib ikinci bir ölkə tapmaq çətindir. Çünki Azərbaycan həm ərazi bütövlüyünü tam bərpa edib, həm də on minlərlə insanın doğma torpaqlarına qayıdışını təmin edir. İşğaldan azad olunmuş ərazilərdə geniş infrastruktur layihələri həyata keçirilir, yaşayış məntəqələri salınır, ağıllı şəhər və kənd konsepsiyaları qurulur. Eyni zamanda həmin bölgələrin sosial həyatı da bərpa edilir”.

Onun sözlərinə görə, bütün bunlar Azərbaycanın Qarabağa doğma torpaq kimi yanaşdığını göstərir:

“Hər il dövlət büdcəsindən milyardlarla vəsait ayrılır ki, həmin ərazilər yenidən qurulsun, oraya sülh və sabitlik qayıtsın, region inkişaf etsin. Bu da onu göstərir ki, Prezident İlham Əliyevin siyasəti yalnız siyasi bəyanatlardan ibarət deyil, konkret praktik addımlarla müşayiət olunur”.

Deputat çıxışında eyni zamanda Ermənistanda gedən siyasi proseslərə də toxunub. Onun fikrincə, hazırda bu ölkədə yeni siyasi baxış uğrunda ciddi mübarizə gedir:

“Hazırkı Ermənistan hakimiyyəti ölkəni qonşularla sülh münasibətləri quran dövlət kimi təqdim etməyə çalışır. Amma buna qarşı çıxan revanşist qüvvələr var və onlar sülh prosesini dayandırmaq üçün bütün imkanlarını səfərbər edirlər”.

F.İsmayılzadə onu da əlavə edib edib ki, bu prosesdə radikal müxalifət, diaspor təşkilatları, oliqarxlar və Ermənistan kilsəsi eyni mövqedən çıxış edir:

“Son dövrlər bəzi Avropa ölkələrində Azərbaycana qarşı qəbul edilən qətnamələrdə də Ermənistan diasporunun və müəyyən maraq qruplarının təsiri açıq görünür. Oliqarxların maliyyə dəstəyi, kilsənin prosesə qoşulması və revanşist ideologiya birləşərək sülh prosesinə mane olmağa çalışır”.

O eyni zamanda diqqətə çatdırıb ki, bəzi xarici qüvvələr də Cənubi Qafqaz üzərində nəzarəti qorumaq niyyətindədirlər:

“Müxtəlif vasitələrlə, o cümlədən seçki proseslərinə müdaxilə və hibrid təsir üsulları ilə bölgədə nüfuzlarını artırmağa çalışırlar. Çünki Cənubi Qafqazın strateji əhəmiyyəti getdikcə artır. Region həm nəqliyyat dəhlizləri, həm enerji layihələri, həm də Orta Asiya ilə əlaqələr baxımından mühüm mərkəzə çevrilir”.

Milli Məclisin üzvü nəzərə çatdırıb ki, bütün bu proseslər fonunda Azərbaycan etibarlı tərəfdaş kimi seçilir:

“Dünyada müharibələrin və qeyri-sabitliyin artdığı bir dövrdə Azərbaycan sabitliyini qoruyur, milli maraqlara əsaslanan siyasət yürüdür və yeni layihələrlə çıxış edir. Yaşıl enerji təşəbbüsləri, beynəlxalq nəqliyyat dəhlizləri və regional əməkdaşlıq layihələri bunun nümunəsidir”.

F.İsmayılov yekun olaraq qeyd edib ki, Prezident İlham Əliyevin əsas məqsədi Azərbaycanı regionun güclü və etibarlı mərkəzinə çevirməkdir:

“Azərbaycan özünə güvənən dövlətdir və xarici təzyiqlərdən çəkinmir. Prezidentin vizyonu çox aydındır – Azərbaycanı regionun sabit, etibarlı və möhkəm güc mərkəzinə çevirmək”, – deyə deputat fikrini tamamlayıb.