ABŞ səfiri İsrailin Suriyaya hücumlarını “lazımsız eskalasiya” adlandırıb

Baş səhifə

Bakı. Trend:

Vaşinqton administrasiyası hesab edir ki, İsrailin Suriyadakı
Əbu Duhur aviabazasına endirdiyi hava zərbələri “lazımsız
eskalasiya” olub və regionda sabitliyə töhfə vermir.

Bunu ABŞ prezidentinin Suriya və İraq üzrə xüsusi nümayəndəsi,
ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak “X” sosial şəbəkəsində
yazıb.

“İsrailin Əbu Duhur aviabazasına endirdiyi təsdiqlənmiş hava
zərbələrinin lazımsız eskalasiya olması və regionda sabitliyə
xidmət etməməsi bizi ciddi narahat edir”, – o, X sosial şəbəkəsində
yazıb.

Barrakın sözlərinə görə, Suriya hakimiyyəti “aqressiv mövqe
tutmayıb” və “dəfələrlə İsraillə gərginliyin azaldılmasına hazır
olduğunu ifadə edib”.




Xüsusi nümayəndə əlavə edib ki, ABŞ tərəfi diplomatik səylərin
təşviqi məqsədilə “müzakirələri davam etdirəcək”.

“Uzunmüddətli deeskalasiya ilə bağlı razılaşmalar bütün maraqlı
ölkələr və tərəflərlə davamlı dialoq vasitəsilə əldə olunur”, –
deyə o vurğulayıb.

Barrak qeyd edib ki, ABŞ hələ də hesab edir ki, təmkin nümayiş
etdirmək və qarşılıqlı əməkdaşlıq daha konstruktiv yanaşmadır.

O əlavə edib ki, ABŞ bütün tərəfləri hərbi əməliyyatları
genişləndirmək əvəzinə konstruktiv dialoqa üstünlük verməyə
çağırır.