Əlcəzairdə meşə yanğınları nəticəsində 12 nəfər ölüb

Baş səhifə

Bakı. Trend:

Əlcəzairin şimal-şərqində meşə yanğınları nəticəsində çərşənbə
günü, avqustun 26-da 12 nəfər ölüb, bir neçə nəfər isə xəsarət
alıb. Bu barədə Daxili İşlər Nazirliyi və Mülki Müdafiə Xidməti
yenilənmiş rəsmi məlumatında bildiriblər. Müxtəlif mənbələrin
məlumatına görə, Bejaya və Cijel də daxil olmaqla, müxtəlif
vilayətlərdə (inzibati rayonlarda) çoxsaylı ailələr təxliyə
edilib.

Daxili işlər naziri Səid Sayud və səhiyyə naziri Məhəmməd Səddik
Ait Messauden “yanğınların söndürülməsi əməliyyatlarının gedişini,
müdaxilə qruplarının göstərdiyi səyləri, eləcə də yaralıların
sağlamlıq vəziyyətini yerindəcə qiymətləndirmək” üçün Bejaya
vilayətinə gediblər. Rəsmi APS agentliyi yaralıların sayını
dəqiqləşdirmədən bu barədə məlumat yayıb.

Yerli media olan Radio Soummamın məlumatına görə, Bejaya
bölgəsində ölənlər arasında 8 yaşlı oğlan uşağı və 22 yaşlı qadın
da var.

Yerli vaxtla saat 20:00-da (Paris vaxtı ilə 21:00) Mülki Müdafiə
Xidmətinin məlumatına görə, yanğınsöndürənlər tərəfindən 69 meşə
yanğını hələ də söndürülürdü. Onlardan 18-i Bejaya, 7-si isə Cijel
vilayətində qeydə alınıb.




Bölgənin xəbər saytı Jijel News tərəfindən yayımlanan
görüntülərdə yanğınlar yaxınlaşarkən qalın tüstü buludlarının
arasında təşviş içində olan sakinlərin poçt şöbəsinə sığındığı əks
olunub. Ennahar xəbər saytının məlumatına görə, ölkənin şərqindəki
bölgələri birləşdirən üç milli avtomobil yolu meşə yanğınları
səbəbindən bağlanıb.

Güclü küləklərin təsiri ilə daha da şiddətlənən yanğınlarla
mübarizə aparmaq üçün Mülki Müdafiə Xidməti böyük sayda texnika və
qüvvə cəlb etdiyini bildirib. Əlcəzairin şimalı hər yay mütəmadi
olaraq meşə yanğınlarına məruz qalır. İqlim dəyişikliyinin təsiri
ilə daha tez-tez baş verən quraqlıq və yüksək temperatur dövrləri
bu hadisəni daha da ağırlaşdırır.

Son illərdə genişmiqyaslı yanğınlar onlarla insanın ölümünə,
minlərlə hektar meşə və kənd təsərrüfatı torpağının, eləcə də
çoxsaylı yaşayış evlərinin məhvinə səbəb olub.

Hakimiyyət orqanları həmçinin bəzi yanğınların qəsdən
törədildiyini bildirərək, şübhəlilərin saxlanıldığını
açıqlayıblar.