Depressiya və şizofreniyanın biomarkerləri aşkarlanıb

Baş səhifə

Bakı. Trend:

Halle Tibb Universitetinin alimləri müəyyən ediblər ki, böyük
depressiv pozuntu və şizofreniyadan əziyyət çəkən insanlarda onurğa
beyni mayesindəki sinaptik “SNAP-25” zülalının səviyyəsi sağlam
insanlara nisbətən xeyli aşağıdır.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Tədqiqatın nəticələri “BMJ Mental Health” jurnalında dərc
olunub. “SNAP-25” zülalı sinir hüceyrələri arasında xəbərçi
maddələrin ötürülməsində iştirak edir və iki neyron arasındakı
təmas nöqtəsi olan sinapsların normal fəaliyyətini təmin edir.
Alimlərin sözlərinə görə, “SNAP-25”-in tənzimlənməsindəki
pozuntular psixi xəstəliklərin inkişafına səbəb olan amil kimi
çıxış edə bilər.




Tədqiqatda 202 nəfər iştirak edib. Onlardan 99 nəfəri böyük
depressiv pozuntu, 50-si şizofreniya, 24-ü bipolyar pozuntu
diaqnozu almış xəstələr, 29 nəfəri isə sağlam könüllülər olub.

Depressiya və şizofreniyadan əziyyət çəkən xəstələrin onurğa
beyni mayesində “SNAP-25” səviyyəsi xeyli aşağı olub. Bu fərqlər
antidepresantların qəbulu və simptomların ağırlıq dərəcəsindən
asılı olmayaraq müşahidə edilib. Bipolyar pozuntusu olan insanlarda
göstəricilər nəzarət qrupundan fərqlənməyib.